"Makron istəyirdi ki, Paşinyana yandaşlıq etsin, amma alınmadı" - Deputatdan AÇIQLAMA

 17:58 15.05.2023     427

Xəbər verdiyimiz kimi, mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Redaktor.az-a görüşlə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sahib Alıyevin sözlərinə görə, Kəlbəcər-Basarkeçər şərti sərhədində baş verən təxribatların mahiyyətini dərk etmək üçün Brüssel görüşünün kimin tələbi ilə keçirildiyi və onun gündəliyinin nədən ibarət olduğu əsas götürülməlidir.

Onun fikrincə, heç kimə sirr deyil ki, Brüssel görüşü üçlü formatda məhz Azərbaycanın təşəbbüsü ilə keçirilir:

"Ermənistandan da çox Fransa istəyirdi ki, bu görüşdə Makron da Paşinyana yandaşlıq etsin, amma alınmadı. Xatırlayırsınızsa, ötən ilin dekabrında da belə bir görüş planlaşdırılırdı və Azərbaycan onda da Makronun həmin görüşə qatılmasını qətiyyətlə rədd etmişdi. Nəticədə Makronun ona yandaşlıq edə bilməyəcəyini bəhanə gətirərək və yaxud da ki, əsas gətirərək Nikol Paşinyan planlaşdırılan görüşə getmədi. O zaman da bildirdi ki, Avropa Birliyi formatında keçirilən görüşlərə Fransa prezidenti qatılmadığı təqdirdə o da getməyəcək. Amma gördüyünüz kimi getdi. Ümumiyyətlə, bu görüşün baş tutmaması, baş tutduğu təqdirdə belə gündəliyini dəyişmək üçün Brüssel danışıqları öncəsi Kəlbəcər-Basarkeçər şərti sərhədində təxribat törədildi. Amma görüş də alındı və gündəliyi də Ermənistan dəyişdirə bilmədi. Ermənistan nə istəyirdi? İstəyirdi ki, Brüsseldə danışıqlarda üzərində dayanılan əsas iki məsələ olsun. Birincisi, Azərbaycanın Laçın yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsinin ləğvi məsələsini Avropa Birliyi dəstəkləsin. İkincisi isə tərəflərin şərti sərhədlərdəki mövqelərini geri çəkməsi məsələsində də yenə Qərbin dəstəyini alsın. Avropa Birliyi prezidenti Şarl Mişelin açıqlamalarından da göründüyü kimi, onların bu istəyi də baş tutmadı".

Deputat onu da qeyd etdi ki, görüşün gündəliyi Azərbaycanın təklif etdiyi formadadır:

"Orada Azərbaycanın torpaq bütünlüyü artıq rəqəmlər göstərməklə dəqiq dəstəklənir. İkincisi, Qarabağdakı hay dillilərdən bəhs edilir. Onların hüquq və təhlükəsizlik məsələsi öz əksini tapıb ki, Azərbaycan ilk gündən buna hazır olduğunu deyib. Laçın yolunun başlanğıcındakı nəzarət-buraxılış məntəqəsi haqqında bir kəlmə belə yoxdur. Yolu azaraq itkin düşən iki azərbaycanlı hərbçinin qaytarılması məsələsi var. Minalanmış ərazilərlə bağlı Azərbaycanın təşəbbüsü orada öz əksini tapıb. Eyni zamanda, Birinci Qarabağ savaşında itkin düşənlərin taleyi məsələsi də yenə də yekun açıqlamada qeyd edilir. Əlbəttə, bu nə Ermənistanı, nə də Ermənistandan geosiyasi alət kimi faydalanan və faydalanmağı düşünənləri qane etmir. Ona görə də Brüssel danışıqlarının ardınca da bu cür təxribatlar baş verir. Bu təxribatları Ermənistan təkbaşına törətmir. Brüssel danışıqları öncəsi törədilən təxribatlar ortaya çıxardı ki, orada pilotsuz uçuş aparatlarının idarə edilməsində fransalı təlimatçılar da olub. Və təkcə Fransa deyil, Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığı həzm etmək istəməyən, özlərinin burada hərbi mövcudluqlarını məhz gərginliyin qalmasında görən digər dövlətlər də Brüssel danışıqlarının bu cür gedişindən narazıdırlar. Və öz təsirləri altında olan hayları bu cür təxribatlara həvəsləndirirlər. Amma Brüssel danışıqları öncəsi baş verən təxribatların qarşısını necə qətiyyətlə, düşmənə böyük itki verdirərək alındısa, əminəm ki, yenə də qarşı tərəf eyni reallıqla üzləşəcək",-deyə S.Alıyev vurğuladı.

Həmidə İbrahimli