"Hansı yolla olur-olsun, Qarabağda öz iradəmizi diktə edəcəyik" - Fazil Mustafa

 12:09 16.05.2023     1994

"Brüssel görüşü ilə bağlı konkret nəticələrin olacağını düşünmürəm. Buna bir əsas da yoxdur. Amma müəyyən ilkin müzakirələrin aparılması bütün hallarda faydalıdır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, əsasən Amerika Birləşmiş Ştatlarında görüşdən sonra Moskva görüşü və ondan sonra da Ermənistanın başladığı təxribatçı addımlar onu göstərir ki, Ermənistan hələ sülhə hazır deyil:

"Sadəcə, Ermənistan burada diplomatik variantlardan qaçmadığını göstərmək üçün bir sıra addımlar atır. Amma bu, yetərli deyil. Biz çalışmalıyıq ki, Ermənistanın artıq qərar verə biləcəyi anda bu məsələni gerçəkləşdirək. Biz də diplomatik müzakirələrə hazır olduğumuzu bildirməklə yanaşı, həm də bu müzakirələri davam etdirməyin də o qədər effektli olmadığını görürük. Çünki Ermənistanın təxribatlarına qarşı sərt bir mövqe sərgiləməyi də düşünürük. Yəqin ki, bundan sonra da belə davam edəcəkdir. Hər hansı bir şəkildə Azərbaycan sayıqlığını itirmir. Sülh olarsa, sülh olmazsa, yenə də hansı yolla olur-olsun, müharibə yolu ilə də, antiterror əməliyyatı yolu ilə də olsa, Qarabağda öz iradəmizi diktə edəcəyik".

Həmidə İbrahimli