"Dövlət qurumlarının içərisində İran şəbəkəsinin elementləri var" - Fazil Mustafa

 14:11 16.05.2023     5792

Xəbər verdiyimiz kimi, "Kərimə" dövləti yaratmaq istəyən İranın daha bir casus qrupu aşkarlanıb.

Casus qrupu Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə əməliyyatı nəticəsində aşkarlanıb. 

Göründüyü kimi, qonşu dövlət ölkəmizə qarşı çirkin əməllərindən vaz keçmir.

Bəs, İran dövləti anti-Azərbaycan siyasətini nə üçün dəyişmək istəmir? Azərbaycanda İranın təxribatlarına qarşı mübarizə yetərlidirmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a danışıb.

Deputat söylədi ki, ilk növbədə hüquq mühafizə orqanlarına, xüsusilə DTX-ya, DİN-ə və Baş Purokurorluğa təşəkkür düşür:

“Çünki gecəli-gündüzlü bu istiqamətdə çalışırlar və Azərbaycan dövlətinin qorunması naminə hər hansı təxribatçı qrupunun baş qaldırmasına imkan tanımırlar. Dövlətimizi təhdit altına salan bütün bu qruplaşmalar zərərsizləşdiriliməlidir, bu istiqamətdə də gərgin işlər gedir. Cəmiyyətin də dəstəyi çox önəmlidir. Çünki hər bir insan özünü dövlətin qoruyucusu kimi görməyə məhkumdur. Ətramızıda baş verənlər göstərdi ki, dövlətin azacıq zəifləməsi o xalqın səfalət içində, xaos içində, işğal altında yaşamasının səbəblərinə çevrilə bilər. Bu gün belə bir boşluğun yaranmasına təkcə dövlət orqanları yox, vətəndaşlarımız da yol verməməlidir”.

Millət vəkili vurğuladı ki, qonşu ölkənin Azərbaycanda təxribatlar yaratması uzun illər kök salıb.

“Burada bir sıra dövlət məmurlarının məsuliyyətsizliyi var. Ayrı-ayrı qurumlara bu adamların yerləşməsi var, dövlət qurumlarının içərisində bu şəbəkənin elementləri var. Bunu gizlətmək lazım deyil. Bu, xərçəng hüceyrəsi kimi o qədər kök atıb ki, bir-iki günə təmizləmək mümkün deyil. Çünki qonşu ölkənin niyyəti birinci olaraq burada din narkomaniyasını yaymaqdır. İkinci isə gerçək narkomaniyanı bu ölkədə yaymaqdır. Hər ikisi də Azərbaycan cəmiyyətində öz təsirini göstərməkdədir, böyük fəlakət yaşatmaqdadır. Buna görə də öz dövlətimizi qorumaq üçün, cəmiyyətimizi qorumaq üçün mütləq buna qarşılıq verən addımlarımızı gücləndirməliyik. Bu istiqamətdə də təbliğat güclü şəkildə getməlidir. Yalnız qurumlar kimisə həbs etdi, casus qrupunu ifşa etdi məlumatı yetərli deyil. İdeoloji mübarizəmiz çox zəifdir. İdeoloji spekterdə bu cinaha qarşı hər hansı bir kəskin mübarizənin əlamətləri görünməməkdədir. Bunu təkcə bizim xüsusi xidmət orqanlarının əməkdaşlarının, polisin üzərinə qoymaq olmaz. Bu çox ağır prosesdir. Cəmiyyətin ziyalıları, düşüncə adamları və vətəndaşlar mütləq təbliğat yönündə aydınlanma, mariflənmə işlərini gücləndirməlidir. Televizyalarda bu istiqamətdə müzakirələr, debatlar genişləndirilməlidir”,-deyə Fazil Mustafa qeyd etdi.

Deputat hesab edir ki, İran dövlətinin Azərbaycana qarşı bu fəaliyyətləri dayanmayacaq:

“Çünki biz erməni ilə birlikdə İrana qarşı da, onun təxribatlarına qarşı da eyni vaxtda mübarizə aparırıq. Yəni erməni ilə məsələnin çözülməsi İranla məsələnin müəyyən dərəcədə səngiməsinə gətirib çıxaracaq. Çünki bu gün İranın Azərbaycan qarşı siyasətində prioritet məsələ Ermənistanın dəstəklənməsidir. Ermənistan özü bu prosesdən geri çəkildikdən sonra İranın əlində hər hansı bir bəhanə qalmır. Ona görə də İran daxilimizdə təxribatlar törətmək siyasətini hələ də davam etdirir. Amma Azərbaycanın da kifayət qədər gücü var, bu siyasətin iflasa uğraması üçün əlimizdən gələni edəcəyik”.

Humay İSGƏNDƏRLİ