"Ona bu səhvi türk seçicisi bağışlamaz" - Deputat

 11:07 17.05.2023     410

Xəbər verdiyimiz kimi, mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin ilk turunda qalib olmadığından mayın 28-də ikinci tur keçiriləcək. Bu dəfəki seçkidə isə birinci turda ən çox səs alan iki namizəd - AKP lideri Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.

Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədəki seçkiləri Redaktor.az-a şərh edərkən dedi ki, hər şeydən öncə qardaş Türkiyədə keçirilən seçkilərdə inanılmaz seçici aktivliyi və bununla bərabər seçkilərin son dərəcə sakit və demokratik ab-havada keçirilməsi həm namizədlərin, həm də bütövlükdə türk xalqının qələbəsi hesab olunmalıdır:

“Hər seçki bir yarışdır və burada kimsinə qazanıb başqa birinin məğlub olması təbiidir. Amma birmənalı olaraq iddia edə bilərik ki, bu seçkinin qalibi türk xalqıdır. Çünki bu cür möhtəşəm seçki keçirməklə dünyaya demokratiya dərsi verməsi Türkiyə cəmiyyətinin necə siyasi cəhətdən püxtələşdiyini, demokratiyaya sonsuz sadiqliyini göztərdi. O ki, qaldı seçkilərin nəticələrinə, indiki prezident Rəcəb Tayyib Ərdoğanın rəqibindən 3 milyona yaxın artıq səs toplaması öz-özlüyündə ikinci turda onun qələbə çalacağı ehtimallarını xeyli artırıb. Bir şey bəllidir ki, Türkiyə Böyük Millət Məclisi Ərdoğanın drijor çubuğu ilə idarə olunacaq və uzaqgörən seçici anlayır ki, Kılıçdaroğlunun hətta mayın 28-də ikinci turda qalib gələcəyi təqdirdə ölkədə siyasi böhranın yaşanacağnı çox gözləmək lazım gəlməyəcək. Yəni "Cümhur İttifaqı" parlamentdə "Millət ittifaqı"na göz açdırmayacq. Nəticədə yaşanacaq böhran hətta növbədənkənar seçkiləri tətikləyə bilər. Məhz bu amil də indidən Ərdoğanın lehinə işləyəcək və hər şeydən öncə Türkiyənin mənfəətini düşünən diribaş seçici hətta Ərdoğana simpatiya bəsləməsə, birinci turda Kılıçdaroğluna səs vermiş olsa belə, ölkəni böhrana sürüklənməsini əngəlləmək üçün əsl vətəndaşlıq borcunu yerinə yetirməyə tələsəcək”.

Millət vəkili bildirdi ki, "Millət İttifaqı"nın namizədinin terrorçu kürd qruplaşmasının nümayəndələri ilə sövdələşməyə getməsi də ikinci turda Ərdoğanın şanslarını artırır:

“Eyni zamanda Sinan Oğanın da ikinci turda "Millət İttifaqı"na deyil, "Cümhur İttifaqı"na dəstək verəcəyi gözləntisi var. Doğrudur, görünən odur ki, Sinan Oğan yaranmış əlverişli fürsətdən maksimum yararlanmaq üçün hələ bir neçə gün konkret kimi dəstəklədiyini açıqlamaqdan boyun qaçıracq və bu yolla diqqəti öz üzərinə çəkmək istəyəcək. Amma çox böyük ehtimalla sonda o seçkiqabağı marafonda xeyli tənqid etdiyi Ərdoğanın namizədliyini dəstəklədiyini bəyan edəcək. Azərbaycan prezidenti İlham Əliyevin Ərdoğanı seçkinin ilk turunu öndə başa vurması münasibətilə təbrik etməsi də olduqca önəmli faktordur və bu, Azərbaycan sevdalısı olan milyonlarla türk seçicinin qəlbində rəğbət hissi yaratdığından bu məqam da Ərdoğanın əlavə səs almasını şərtləndirəcək. Təbii ki, bizlər Türkiyədəki seçkilərə müdaxilə etmək niyyətində və imkanında deyilik. Ancaq Azərbaycanda yeddidən yetmişə hamının Ərdoğanı dəstəklədiyi də bir danılmaz həqiqətdir. Çünki Azərbaycan xalqı qədirbiləndir və 44 günlük savaşda Azərbaycanın parlaq qələbəsi üçün Ərdoğanın sərgilədiyi gerçək qardaşlıq davranışı, az qala səngərdə Azərbaycan əsgəri ilə savaşa bərabər hesab olunan möhtəşəm çıxışlarını, haqlı mücadiləmizi dəstəkləyən bəyanatlarını, ermənipərəst dünyaya kəskin tonlu mesajlarını bizlər bir ömür boyu unutmarıq”.

V.Əhmədov söylədi ki, yeganə arzusu 28 mayda məhz Azərbaycanın müstəqillik günündə qardaş ölkə Türkiyəni qarşıdakı yüz ilə şanlı dövlət kimi aparacaq tarixi qərara imza atması və əsrin türk əsri olmasına öz töhfəsini verməsidir:

“Etiraf etmək lazımdır ki, Kılıçdaroğlunun seçkiöncəsi Yeni İpək yolu haqqında sərgilədiyi xəritə və bu zaman Azərbaycanı görməzdən gəlməsi, bu azmış kimi Zəngəzur dəhlizinin adını belə çəkməməsi haqlı olaraq ölkəmizdə ona qarşı qəzəb dalğası yaratdı. Halbuki neçə illərdir ki, Ərdoğanın təşəbbüsü ilə türk dövlətlərinin real birlik platforması yaradılmaqda və türk dünyasının Turan xəyalları gerçəkləşməkdədir. Türk cümhuriyyətlərini mədəni və mənəvi tellərlə bağlayan bu kimi fövqəladə əhəmiyyətli ittifaqlara qarşı çıxması təkcə Azərbaycanda deyil, bütün türk dünyasında Kılıçdaroğluna qarşı antipatiya ovqatı yaradacağı gözləniləndir. Türkiyə kimi nəhəng bir dövlətin prezidentliyə namizədinin belə bir həssas mövzuda naşılıq etməsi və ya bilərəkdən bu cür yanlış, eyni zamanda təhlükəli mövqe sərgiləməsi heç cür qəbuledilən deyil. Ona bu səhvi nə türk seçicisi, nə də tarix bağışlamaz".

Humay İSGƏNDƏRLİ