Paşinyan ilk dəfə olaraq Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdığını bəyan ETDİ

 17:06 17.05.2023     531

Ermənistanın Baş naziri Nikol Paşinyan 86,6 min kvadrat kilometr ərazidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. 

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verr ki, o, bunu Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışı zamanı deyib.

Azərbaycanla münasibətlərin normallaşmasına toxunan Ermənistanın Baş naziri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin son bəyanatını xatırladıb.

“Üç gün əvvəl Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrini, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır”, - Paşinyan əlavə edib.

Erməni mətbuatı qeyd edir ki, əslində, Azərbaycanın keçmiş Azərbaycan SSR, o cümlədən keçmiş DQMV ərazisi üzərində suverenliyinin tanınması ilk dəfə olaraq Ermənistan rəhbərliyinin dilindən səslənir.

Əvvəllər Ermənistan hakimiyyəti həmişə şərt qoyub ki, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur.

Paşinyan Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün Xankəndi ilə Bakı arasında dialoqun başlanmasının vacibliyini də bəyan edib. O, bu məsələdə beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyini vurğulayıb.

Turan İSMAYIL