Rəsmi Moskvadan Bakı və İrəvana ÇAĞIRIŞ

 17:30 17.05.2023     610

Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşib. Moskva hər iki tərəfi gərginliyin artmasına səbəb olan hərəkətlərdən çəkinməyə çağırır.

Redaktor.az xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Təəssüf ki, son vaxtlar mayın 11-12-də Ermənistan-Azərbaycan sərhədində hər iki tərəfdən atəşkəs rejiminin pozulması halları müşahidə olundu.

İndi vəziyyət stabilləşib. Biz Azərbaycan və Ermənistan tərəflərini təxribat xarakterli hərəkətlərdən və vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırırıq” - diplomat qeyd edib.

Zaxarovanın fikrincə, Rusiya bütün mübahisəli məsələlərin həllinin siyasi-diplomatik müstəvidə və diplomatik üsullarla getməli olmasından irəli gəlir. “Biz buna hər cür töhfə vermək niyyətindəyik, o cümlədən Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin mayın 19-da Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşü zamanı”, - diplomat əlavə edib.

Turan İSMAYIL