Deputatdan Paşinyana: "Dediyin sözə əməl etməlisən"

 10:05 18.05.2023     560

Xəbər verdiyimi kimi, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan 86,6 min kvadrat kilometr ərazidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. 

Əslində, Azərbaycanın keçmiş Azərbaycan SSR, o cümlədən keçmiş DQMV ərazisi üzərində suverenliyinin tanınması ilk dəfə olaraq Ermənistan rəhbərliyinin dilindən səslənir.

Əvvəllər Ermənistan hakimiyyəti həmişə şərt qoyub ki, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur.

Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a bildirdi ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdikləri düzgün fikirlərdir:

“Ancaq məsələ odur ki, o, dediyi sözün üstündə durmur. Beynəlxalq səviyyəli tədbirlərdə bu sözləri deyib. Ona qulaq asanlar da bundan razı qalır ki, Paşinyan sağ olsun, dedi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Ancaq bu sözdə deyir, əməldə olan isə göz qarşısındadır. Rəsmi dövlət rəhbəri kimi bu ifadələri işlədirsənsə, bu dediyin sözə əməl etməlisən. Əməl etmək deyəndə onu nəzərdə tuturam ki, bu günə qədər 10 minə yaxın Ermənistan dövlətinin hərbçisi hələ Azərbaycan ərazisindədir. İkinci məsələ, əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə edərək Azərbaycan ərazisində kök salmış qondarma cinayətkar, seperatçı quruma Ermənistan dövlətinin büdcəsindən niyə maliyyə yardımı ayırırsan. Üçüncü tərəf, sözünün o başında, bu başında Azərbaycanın Qarabağ ərazisində yaşayan bir qrup erməninin statusundan, hüququndan danışırsan. Bu dediklərimə əməl etsin. 44 günlük müharibənin bitməsindən uzun müddət keçib, amma bunların heç birinə əməl olunmur. Bu gün də seperatçı qurumun bayrağını öz bayrağınla yanaşı asırsan. Ən əsası öz ordunun müəyyən hissələrini Azərbaycan ərazisində saxlamaqda davam edirsən", - deyə o, qeyd etdi.

Elman Məmmədov əlavə etdi ki, ölkəmiz bölgədə sülhün, əmin-amanlığın tərəfdarıdır:

"Hamı deyir ki, danışıqlar prosesində irəliləyişlər var, amma açıqlanmır. Hər birimiz arzu edirik ki, bu irəliləyişlər olsun. Nəhayət ki, bu iki dövlət arasında dayanıqlı sülh yaransın. Bunun üçün hər iki tərəf səsləndirdiyi fikirlərin, bəyanatların arxasında dayanmalıdır. Azərbaycan 2020-ci ilin 10 noyabrından başlayaraq sənədlərdə Azərbaycana aid olan bütün öhdəliklərə əməl edir və edəcək də. Amma Ermənistan bunu etmir, təxribatlar törətməklə, müharibəyə hazırlaşmaqla, ərazi iddiaları səsləndirməklə məşğuldurlar. Bunların sözləri ilə əməlləri üst-üstə düşmür. Arzu edək ki, Brüssel görüşlərindən və digər əhəmiyyətli görüşlərdən sonra Ermənistan tərəfində irəliləmə olsun”.

Humay İSGƏNDƏRLİ