Ceyhun Bayramovla Mirzoyanın ikitərəfli görüşü başlayıb

 17:11 19.05.2023     449

Moskvada keçirilən danışıqlarda Azərbaycan və Ermənistan sülh müqaviləsi mövzusunda anlaşmanı ümumi baxışa yaxınlaşdıra bildilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə üçtərəfli danışıqların yekunları üzrə deyib.

“Sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə əsasən, biz hər iki tərəfin anlaşmasını ümumi baxışa yaxınlaşdıra bildik.

İndi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb, ondan sonra onlar əldə olunanlar barədə bizə məlumat verəcəklər”, - deyə o bildirib.

Rusiya XİN rəhbəri qeyd edib ki, Moskva “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün səylərin əsasını təşkil edən bütün üçtərəfli bəyanatların bütün müddəalarının tam şəkildə həyata keçirilməsi üçün irəliləyişi daha da təşviq edəcək”.

Lavrovun sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Qarabağda təhlükəsizlik vəziyyəti yaxşılaşdırılmasa, sülh müqaviləsi üzərində işin çətin olacağını bildiriblər.

Turan İSMAYIL