"Ermənistan bu təxribatları xarici təsirlərin altında edir" - Musa Qasımlı

 17:58 19.05.2023     665

Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatlar verir, çıxışlar edir. Eyni zamanda sərhəddə təxribatlar törədirlər. Son günlərdəki beynəlxalq əhəmiyyətli tədbirlərdən sonra bu təxribatların sayı daha da artıb.

Maraqlıdır, Ermənistan bu təxribatları öz iradəsilə törədir, yoxsa digər dövlətlərin iradəsilə?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Musa Qasımlı Redaktor.az-a danışıb.

Millət vəkili söylədi ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazisini tanımaqla bağlı verdiyi bəyanat sadəcə sözdür, dünya ictiami rəyinə yönəlib:

“Əgər Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, bundan ötrü ilk addımı atmalıdır. Ərazi bütövlüyünü tanımağın ilk addımı sərhədlərin delimitasiyası, sonra demarkasiyası, daha sonra sülh sazişinin imzalanmasıdır. Əgər Paşinyan bu sözləri deyib, arxasınca delimitasiyaya getmirsə, təbiidir ki, səmimi deyil. Gerçək sülhün olmasını, sərhədlərin müəyyənləşdirilməsini istəmir. Bu bəyanatı verməklə bərabər sərhəddə təxribatlar törədirlər. Sual ortaya çıxır ki, ermənilər üçün söz və işin fərqi nədədir? Çar Rusiayasının diplomatik sənədlərində bir fikir var, yazılır ki, "erməni ilə bir iş görəndə şahidlərin ifadəsilə notariusa gedib onu təsdiqləsəz belə, sabah ondan imtina edəcəklər". Ermənistan hər hansı sərhədi imzalasa belə, sabah o imzasından imtina edəcək. Biz 1988-ci ildən bəri bütün proseslərdə bunu görmüşük. Amma soruşulur ki, baş verən hadisələrin başqa səbəbləri varmı? Təbii ki, var. Ermənistan bu gün müstəqil olmadığı üçün Cənubi Qafqazda nüfuz uğrunda savaşan ölkələr arasında meydançada köhnəlmiş topa çevrilib. İstənilən ölkə onu istənilən küncə vura bilir. Bu gün Cənubi Qafqazda Rusiya, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı nüfuz uğrunda mübarizə aparırlar. Qərb ölkələri Rusiyanı Ermənistandan çıxarmağa çalışır, Rusiya da Ermənistandan həmin ölkələri çıxarmaq istəyir. Ermənistan da müstəqil olmadığı üçün cırılmış top kimi ayaq altında qalır. Ona görə də Ermənistanın rəhbərlərinin verdiyi bəyanatlar və gördüyü işlər ziddiyət təşkil edəcək. Sənəd imzalasalar belə ona riayət etmiyəcəklər”.

M.Qasımlı bildirdi ki, Ermənistanın bu təxribatları törətməyə cürəti yoxdur:

“Gücü tükənmiş haldadır. Ermənistan bu təxribatları xarici təsirlərin altında edir”.

Humay İSGƏNDƏRLİ