"Onlar ermənilərdən daha sərt şəkildə Azərbaycana qarşı mübarizə aparırlar" - Fazil Mustafa

 13:25 22.05.2023     576

"Əhməd Obalı Azərbaycanın azadlıq davasının ən önəmli şəxsiyyətlərindən biridir və başqalarından fərqli olaraq praktik bir televiziya məkanından Azərbaycan problemini sistemli şəkildə təbliğ edən, onun nəzəri əsaslarını hazırlayan və eyni zamanda İran cəmiyyətində baş verən prosesləri dünyaya çatdıran bir viziona sahibdir. Ona görə də onun istənilən vaxt hədəfə götürüləcəyi kimsədə şübhə doğurmamalı idi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa dünən Güney Azərbaycanlı milli fəal Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, burada da təbii ki, onun mübarizə apardığı vəhşi, cinayətkar bir rejim var:

"Bu, İran rejimidir və bu rejimi də ancaq ayaqda saxlayan terrordur. Hakimiyyətə gələndən bu tərəfə ancaq terrorla insanları məhv edərək, din adı altında onları özünə bağlayıb. Azərbaycanda da bu rejimin xeyli tərəfdarları var və onlar da məhz öz dövlətinə qarşı düşmənə çevriliblər. Azərbaycana qarşı erməni qədər xəyanətkar mövqe tuta biləcək istənilən bir düşüncəyə sahibdirlər və ermənilərdən daha sərt şəkildə Azərbaycan dövlətinə qarşı mübarizə aparırlar. Onlar Azərbaycan vətəndaşları olsa da, Azərbaycan vətəninə qarşı düşmən kəsilmiş insanlardır və bu ideoloji zombiləşmiş bir kəsim artıq Azərbaycan dövləti üçün də ciddi bir təhlükəyə çevrilib. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlılara qarşı da bu terror davam edir. Əhməd bəyə də yönələn bu hücuma hansısa sıradan bir addım kimi baxıla bilməz. Bunun da arxasında mütləq terror olduğu bilinən bir məsələdir. Sadəcə, Amerika Birləşmiş Ştatlarında terrorun başqa formasını gerçəkləşdirmək çətindir. Ona görə də ən bəsit, ən kobud formasını seçərək bu cür Əhməd bəyi məhv eləməyə çalışıblar, boynunu sındırmaq istəyiblər. Ümumiyyətlə sıradan çıxartmaq istəyiblər".

Deputatın fikrincə, Əhməd Obalının oğlunu da eyni qaydada bu cür sərt şəkildə döymələri onu göstərir ki, niyyət məhz öldürmək olub. F.Mustafa hesab edir ki, bu terror işinin arxasında ancaq bir terrorçu rejim dura bilər.

"Başqa heç kimin şübhəsi başqa məkana da getmir. Ona görə də Əhməd bəyə mənəvi dəstək olmalıyıq. Həm də bu Azərbaycan davasını qətiyyətlə, daha sərt şəkildə, daha sistemli şəkildə aparmağa, özümüzü borclu hesab etməliyik. Çünki bu vəhşilərin qarşısından çəkilmək Azərbaycanı onların qurbanına çevirmək deməkdir. Həm Güney Azərbaycanda yaşayan soydaşlarımızı, həm də elə Quzey Azərbaycanda yaşayan soydaşlarımızı bu vəhşi rejimin müəyyən qurbanına çevirmək deməkdir. Əhməd Obalı, əminəm ki, bu sınaqdan da çıxacaq, yaralarını sarıyıb ayağa qalxacaq və yenə də milli mücadiləmizin ön sıralarında olacaqdır. Ondan bir ay öncə evimdə məni ziyarət etmişdilər. Görüşdük, çox geniş söhbət elədik və gələcək perspektivlərimizlə bağlı yaxşı müzakirəmiz oldu. Çox üzüldüm ki, belə metodlarla bu insanları müəyyən dərəcədə terrora məruz qoyaraq sıradan çıxartmağa çalışırlar, amma buna nail ola bilməyəcəklər. Çünki enində-sonunda hamımız bu davanın içində öz dəyərlərimizi və şəxsiyyətimizi uca tutaraq daha da irəli getməliyik", - deyə millət vəkili vurğuladı.

Həmidə İBRAHİMLİ