"Azərbaycanla delimitasiya 1975-ci il xəritələrinə əsasən planlaşdırılır" - Paşinyan

 13:41 22.05.2023     553

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası 1975-ci ildəki Sovet Baş Qərargahının xəritələri əsasında aparılmalıdır.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, söhbət Rusiya tərəfinin dəfələrlə danışdığı xəritələrdən gedir. "Ermənistanın mövqeyi dəyişməz olaraq qalır, o, Sovet Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıdır. İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgülü çıxarılmasında israr edir. Bu, təhlükəsizliyi təmin edəcək", - Paşinyan bildirib.

O vurğulayıb ki, bu vəzifə artıq beynəlxalq ictimaiyyət tərəfindən formalaşdırılıb və bu, mühüm haldır.

Bakının qoşunların çıxarılması ilə bağlı mövqeyinə gəlincə, Paşinyan hazırda heç bir irəliləyiş görmədiyini deyib.

"Sərhədin təhlükəsizliyinin təmin edilməsi sülh sazişinin tərkib hissəsidir. Bakı hərbi təzyiq siyasətini davam etdirir, bununla da danışıqlarda özünə daha əlverişli şərait yaratmağa çalışır. Lakin bu, beynəlxalq öhdəliklərin pozulmasıdır",- Ermənistan hökumətinin başçısı bildirib.

Turan İSMAYIL