Paşinyan iki Azərbaycan hərbçisinin ekstradisiyasından DANIŞDI

 15:50 22.05.2023     339

"Ermənistan bu ölkədən iki hərbçinin Azərbaycana qaytarılmasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz".

Redaktor.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi keçirdiyi mətbuat konfransında belə bir bəyanatla çıxış edib.

"Biz itkin düşmüş azərbaycanlıları sadələşdirilmiş qaydada geri qaytarmağa hazırıq. Amma indi Ermənistanda belə vətəndaşlar yoxdur. Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz. Və bütün bunlar hüquqi prosedurlar vasitəsilə həyata keçirilməlidir. Biz Ermənistan vətəndaşının öldürülməsinə göz yuma bilmərik”.

Qeyd edək ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir  cinayət işi başlanılıb. O, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.

Mayın 8-də isə A.Bəbirov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, digər hərbçi Hüseyn Axundov barəsində istintaq tədbirləri davam etdirilir.

Tunar Altunbay