"1975-ci il xəritəsi bizə sərf etmir" - Konfliktoloq

 14:49 23.05.2023     1913

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası 1975-ci ildən Sovet Baş Qərargahının xəritələri əsasında aparılmalıdır.

Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən erməni siyasətçi anklavlarla bağlı da danışıb. Onun sözlərinə görə, Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə anklavlar da daxildir.

"Artsvaşen (Başkənd -red.) 29,8 min kv.km əraziyə daxildir və bu hesablamalara görə, anklavlar 86,6 min kv.km əraziyə daxildir. Bu, siyasi mövqedir və məsələnin hüquqi hissəsi müzakirə olunmalıdır", - Paşinyan deyib.

Bəs, sərhədlərin delimitasiyasının 1975-ci ilin xəritələrinə istinadla müəyyənləşməsi Azərbaycan üçün məqbuldurmu?

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov Redaktor.az-a danışıb.

O, bildirdi ki,1975-ci il xəritəsi Azərbaycana sərf etmir:

“Çünki 60-cı illərin sonunda Qazax və Gədəbəydə ərazilərlə bağlı iddia qaldırılmışdı. 1975-ci illə götürüləndə bizim tarixi torpaqlarımız Ermənistan ərazisində qala bilər. 80-ci illərin ortasında isə Ceyrançöl ərazisindən yüz hektarlarla ərazimiz guya Ermənistanın otlaq ərazisi yoxdur adıyla bizim rəhbərlərdən birinin başını aldadıb ələ keçirmişdilər".

K.Məmmədovun sözlərinə görə, Paşinyan erməni işğalındakı anklav kəndlərimizi Azərbaycanın ərazisi olaraq qəbul etdiyi kimi, Artsvaşen adlandırdığı Gədəbəy ərazisindəki Başkəndin də Ermənistan ərazisi olduğunu bildirməklə demək istəyir ki, Azərbaycanın 8 anklav kəndi geri qaytarılsa, Başkənd də onlara verilməlidir.

"Ermənistan sıfır vəziyyətinə, münaqişənin başladığı 1988-ci il vəziyyətinə qayıtmaq istəyir. Növbəti təhlükə o ola bilər ki, 1988-ci il vəziyyətinə qayıdırıq deməklə, Dağlıq Qarabağın muxtar vilayət statusunun bərpasını istəsinlər. Ermənilər hansısa addımı atanda mütləq ki, arxsında bir oyunları var. Buna hazır olmalıyıq. Qarabağın əvvəlki muxtar vilayət statusu yalnız o halda mümkün ola bilər ki, Qərbi azərbaycanlı soydaşlarımıza hansısa satus verilsin. Statusun alternativi odur ki, Qərbi Azərbaycanda yaşayıb, sonradan ordan qovulan soydaşlarımız ora qayıtsınlar. Onlar bizə hansı statusu versələr, Qarabağdakı erməni vətəndaşlarımıza da o statusu biz verə bilərik. Orda da eyni vəziyyətdir, burda da. Heç kim tərəzinin gözünü poza bilməyəcək. 1923-cü ildə Dağlıq Qarabağa status verəndə bizi həriflədir. Qarabağa status verdilər, amma Qərbi Azərbaycanda yaşayan azərbaycanlıya status vermədilər", - deyə konfliktoloq qeyd etdi.

Xatırladaq ki, qonşu ölkənin ərazisi ilə tam əhatələnmiş anklavlar - Sədərək rayonunun Kərki kəndi 1990-cı ildə, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ildən, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib.

Eyni zamanda, Azərbaycan 1992-ci ildə Ermənistan ərazisinin bir hissəsini – hazırda Gədəbəyin Başkənd kəndinə aid olan torpaqları nəzarətə götürüb. 

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır.

Humay İSGƏNDƏRLİ