Sinan Oğanın qərarı Ərdoğanın qələbəsinə şərait yaradacaq - Vüqar Zifəroğlu

 16:02 23.05.2023     461

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə “ATA İttifaqı"ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turunda "Cumhur İttifaqının" namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqladı.

Maraqlıdır, Sinan Oğanın bu qərarı seçkilərin nəticəsinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, politoloq Vüqar Zifəroğlu Redaktor.az-a danışıb.

Onun sözlərinə görə, birinci turda olan nəticələr göstərdi ki, “Cumhur İttifaqı” kifayət qədər öndədir.

“Təsadüfi deyil ki, Böyük Millət Məclisində parlament seçkilərinin nəticələri olaraq “Cumhur İttifaqı” ciddi bir nəticə əldə etdi. Prezident seçkilərinin birinci turda tamamlanmasına isə yalnız 0.5 faiz səs çatmadı. “Cumhur İttifaqı” artıq ikinci tura böyük ruh yüksəkliyi və parlamentdə inamlı qələbə ilə qatılmaqdadır. “ATA İttifaqı”nın namizədi Sinan Oğanın “Cumhur ittifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi  “Cumhur ittifaqı” üzvlərinin seçkidə inamlı şəkildə iştirak etməsinə səbəb olacaq. Çünki nəzərə almaq lazımdır ki, Sinan Oğan əslində 5.12 iki faiz səs yığmaqla hər iki ittifaqın seçimində tərəddüdlü olan və ya bu iki ittifaqların heç birini seçməyən, müəyyən bir narazı elektoratın səsini ala bildi. Ərdoğanın xeyrinə danışması, tərəfdarlarına Ərdoğana səs verməyə çağırması “Cumhur ittifaqı”nın daha böyük faizlə səs əldə etməsi üçün münbit şərait yaratmış olur”, - deyə V.Zifəroğlu bildirdi.

Humay İSGƏNDƏRLİ