"Ermənistan regionda sürünən müharibəyə son qoymaq istəyir" - Vitse-spiker
"Ermənistan regionda hazırkı partlayıcı vəziyyətin davam etməsini istəmir və sabitləşməyə çalışır".
Redaktor.az xəbər verir ki, bu barədə bunu parlamentdə çıxışı zamanı Ermənistanın vitse-spikeri, hakim “Mülki müqavilə”nin nümayəndəsi Akop Arşakyan Azərbaycanla danışıqları şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistanın Qarabağ məsələsi kontekstində yanaşması ondan ibarətdir ki, imzalanmış sülh müqaviləsi Xankəndi və Bakı arasında dialoq mexanizmlərini birləşdirməlidir. Mexanizm çərçivəsində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi müzakirə olunmalıdır.
“Və Qarabağ rəhbərliyinin ayrı-ayrı nümayəndələri nə deyirlər desinlər, onlar başa düşməlidirlər ki, söhbət Ermənistanın təhlükəsizliyi və suverenliyindən gedir”, o, Qarabağdakı separatçıların qondarma deputatlarının bəyanatını şərh edərkən əlavə edib.
Xatırladaq ki, Ermənistanın baş nazir Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında, Azərbaycanın ərazisinin 86,6 min kvadratmetr olduğunu etiraf edərək, Ermənistan rəhbərliyinin tanıdığı əraziyə həm Qarabağ, həm də Sovet Azərbaycanının anklavlarının daxil olduğunu bildirib.
Bununla bağlı Arşakyan xatırladıb ki, söhbət Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən birtərəfli qaydada tanınmasından getmir, proses qarşılıqlı xarakter daşıyır:
"Sülh müqaviləsinin uzunmüddətli olacağına və regionda real sülhü təmin edəcəyinə inam varmı? Bu, hansı beynəlxalq mexanizmlərin və təminatların olacağından asılıdır. Amma bu yolla getməmək, daimi eskalasiya və sürünən müharibə demək olacaq. Biz bunu istəmirik".
Arşakyan onu da vurğulayıb ki, İrəvan hazırkı həssas vəziyyətin davam etməsini istəmir və Qarabağ ermənilərinin təhlükəsizliyi üçün real təminatlar əldə edərək sabitləşməyə çalışır.
Siyasətçi hesab edir ki, bütün bu problemlərin müzakirəsinə ayıq hesabla və soyuqqanlı başla yanaşmaq lazımdır.
Tunar Altunbay