Rəsmi Moskvadan Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasına REAKSİYA

 16:25 24.05.2023     611

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı sözlərini şərh edib.

Redaktor.az-ın "Sputnik"ə istinadla məlumatına görə, diplomat bildirib ki, Rusiya Ermənistanın baş nazirinin bəyanatını onun 2022-ci il oktyabrın 7-də Praqada Ermənistan, Azərbaycan, Fransa və Avropa İttifaqı liderlərinin iştirakı ilə keçirilən sammit zamanı tutduğu mövqenin təsdiqi kimi qiymətləndirir. 

Zaxarova xatırladıb ki, Praqada 1991-ci il Alma-Ata Bəyannaməsinə istinaddan ibarət birgə bəyanat qəbul edilib, ona əsasən keçmiş sovet respublikaları arasında inzibati sərhədlər dövlətlərarası kimi tanınıb.

"Dəfələrlə qeyd etdiyimiz kimi, Praqa sazişi Bakı ilə İrəvan arasında danışıqlar prosesinə keyfiyyətcə yeni çərçivə verdi”, - Zaxarova bildirib.

XİN sözçüsü qeyd edib ki, Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyanın son bəyanatları Ermənistanın özündə, "Dağlıq Qarabağ"da qarışıq reaksiyaya səbəb olub.

O, əlavə edib ki, Rusiya "Dağlıq Qarabağ" münaqişəsinin həllində vasitəçidir və bu baxımdan “Ermənistanın Dağlıq Qarabağ məsələsində aydın mövqeyinin olması vacibdir”.

“Bu, sadəcə bir mövzu deyil, sadəcə bir sual deyil, bu, uzun illərdir davam edən münaqişədir.

Beynəlxalq strukturlar və regional ölkələr vasitəsilə təmin edilən vasitəçilik səyləri var. Təbii ki, imzalanmış sənədlərdə irəliləmək üçün bu məsələdə dövlətin aydın mövqeyini anlamaq lazımdır”, - Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, dövlət strukturunun siyasi baxışı ilə bağlı bu cür bəyanatlar Ermənistan və onun xalqının səlahiyyətidir.

Qeyd edək ki, Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında, xüsusən Azərbaycanın ərazisinin 86,6 min kvadrat kilometr olduğunu bildirib. Ermənistan rəhbərliyinin tanıdığı əraziyə həm Qarabağ, həm də Sovet Azərbaycanının anklavları daxildir.

Turan İSMAYIL