"Ukraynaya yeni bir səfirin təyin olunmasına ehtiyac var idi" - Deputat

 17:29 24.05.2023     539

Xəbər verdiyimiz kimi, Elmira Axundova Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onu bu vəzifədə Seymur Mərdəliyev əvəzləyəcək.

Qeyd edək ki, tez-tez sosial şəbəkələrdə keçmiş səfir Elmira Axundova haqqında müzakirələr açılırdı. Xüsusilə də Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bu ölkədəki azərbaycanlılar səfirin fəaliyyətsizliyindən narzılıqlar edirdilər. Hətta Azərbaycan parlamentinin bir neçə deputatı da keçmiş həmkarları olan Elmira Axundovanı tənqid atəşinə tutmuşdu. Deputat Fəzail Ağamalı isə Ukraynanı tərk edib Bakıya gələn səfiri fərari adlandırmışdı.

Bəs, Ukraynaya yeni təyin olunan səfirdən gözləntilər nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan hər zaman Ukrayna ilə əlaqələrin qorunmasına xüsusi önəm verir.

Onun sözlərinə görə, Azərbaycan hər zaman Ukraynaya həm də humanitar yardımlarını davam etdirib:

"O baxımdan Ukrayna bizim üçün xüsusi əhəmiyyət daşıyan ölkələrdən biridir. Bilirsiniz ki, müharibə ilə əlaqədar sabiq səfir Ukraynada deyildi. Ancaq bu gün Azərbaycan Ukrayna ilə əlaqələrini gücləndirir, inkişaf etdirir. Bu baxımdan yeni bir səfirin təyin olunmasına ehtiyac var idi. Azərbaycan bunu həyata keçirdi. Azərbaycan-Ukrayna əlaqələrinin gücləndirilməsi, orada yaşayan vətəndaşlarımızın dövlət dəstəyi ilə təmin olunması və digər bu istiqamətdə məsələlər var ki, bunların inkişafı baxımından yeni səfirdən gözləntilər çoxdur. Ukrayna həm də müharibə şəraitindədir. Azərbaycan qeyd etdiyim kimi, humanitar yardımını göstərdi və hər zaman göstərəcək. Ölkə rəhbərləri arasında da münasibət yüksək səviyyədədir. Azərbaycan xalqı arzulayır ki, Ukraynada tezliklə müharibə bitsin və insanlar ən qısa zamanda öz evlərinə qayıtsınlar. Əlbəttə, Azərbaycan da hər zaman Ukraynaya öz humanitar yardımını da davam etdirəcək".

Həmidə İBRAHİMLİ