"Bir qadın üçün müharibə şəraitində Ukraynada səfir işləmək çox çətin idi" - Rüfət Quliyev

 18:00 24.05.2023     611

"Cənab Prezidentin siyasətinin məntiqi ondan ibarətdir ki, yeni kadrlar işə gətirilir, onların qarşısında yeni vəzifələr, məqsədlər qoyulur. Ona görə də Elmira Axundovanın səfir vəzifəsindən geri çağırılmasına faciəvi formada baxmağa dəyməz".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Ukraynadakı səfirimiz Elmira Axundovanın vəzifədən çıxarılmasına münasibət bildirərkən dedi.

"Elmira xanımla biz 15 il çiyin-çiyinə millət vəkili olmuşuq, işləmişik. Bir çox onlarla tədbirlərdə, yüzlərlə iclaslarda iştirak etmişik. O, tək Azərbaycanda yox, dünyada tanınmış yazıçı, publisist jurnalistlərdən biridir. Onun kifayət qədər işi də var, kitabları da çıxıb. İndi yenə də kitablar hazırlayır. Ulu öndər Heydər Əliyev, cənab Prezident barəsində çoxlu kitabları çıxıb. İndi bilirsiz, müharibə şəraitində Ukraynada olanda səfir işləmək də çox çətindir. Xüsusilə də qadın üçün. Özü də etiraf edib ki, xəstədir. Yəni burada bunların hamısını nəzərə almaq lazımdır", - deyə deputat bildirdi.

R.Quliyev Ukraynaya yeni təyin olunan səfir Seymur Mərdəliyevdən gözləntilər barədə də fikirlərini səsləndirdi:

"Gözləntilər odur ki, təbii ki, cavan kadr gələndə həmişə yenilik gətirir, innovativ fikirlər, addımlar, yeni təfəkkür gətirir və bizim üçün Ukrayna çox maraqlı bir strateji müttəfiqdir. Maraqlıdır ki, bizim onlarla münasibətimizin trayektoriyası, artımı daha da sürətlə qalxsın. Budur bizim ali məqsədimiz və biz Ukrayna ilə bir-birimizə beynəlxalq müstəvidə həmişə dayaq dururuq. Ona görə mən inanıram ki, yaxın gələcəkdə də bizim oradakı diplomatik fəaliyyətimizin effektivliyi artacaq".

Həmidə İBRAHİMLİ