"O vaxtkı danışıqlar bu qədər konkret deyildi" - Keçmiş baş nazir
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəmizin ərazi bütövlüyünü tanıdğını bəyan edərkən, Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə anklavların da daxil olduğunu bildirib.
“Bildiyiniz kimi, bizim razılaşdığımız məsələlər var, lakin anklavlar məsələsi hələ razılaşdırılmayıb, bütün variantlar müzakirə olunur”, - deyən Paşinyan əlavə edib ki, tərəflər bu məsələ ilə bağlı danışıqlar aparır və “mümkün həll yollarından biri anklavların hazırda olduqları ölkənin bir hissəsi kimi tanınmasıdır”.
Xatırladaq ki, qonşu ölkənin ərazisi ilə tam əhatələnmiş anklavlar - Sədərək rayonunun Kərki kəndi 1990-cı ildə, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ildən, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib.
Eyni zamanda, Azərbaycan 1992-ci ildə Ermənistan ərazisinin bir hissəsini – hazırda Gədəbəyin Başkənd kəndinə aid olan torpaqları nəzarətə götürüb.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır.
Qeyd edək ki, hələ 1993-cü ildə də Kəlbəcərin işğalından sonra, konkret olaraq BMT Təhülkəsizlik Şurasının 822 saylı qətnaməsindən sonra Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar aparılıb.
Maraqlıdır, 1993-cü il danışıqlarında anklavların qaytarılması məsələsi də var idimi?
Mövzu ilə bağlı Redaktor.az-a həmin dövrdə baş nazir işləmiş Pənah Hüseyn danışıb.
Onun sözlərinə görə, o vaxtkı danışıqlar bu qədər konkret deyildi:
“Demarkasiya, delimitasiya və anklavlar məsələsinə keçilməmişdi, ümumi məsələlər razılaşdırılırdı. Ümumi prinsiplər də ondan ibarət idi ki, sovet dövründəki inzibati sərhədlər dövlət sərhədləri kimi qəbul olunsun. 1993-cü ildə hazırlanan konkret danışıqlara, onların təffərrütlarına belə başlanılmamışdı".
Pənah Hüseyn əlavə etdi ki, hazırda ümumi siyasi mövqe şübhəsiz ki, anklavların Azərbaycana qaytarılmasıdır:
"Amma anklavlar məsələsində hələlik tam razılıq əldə olunmayıb, mənim də əlavə məlumatım yoxdur”.
Humay İSGƏNDƏRLİ