"Paşinyanın bütün bəyanatları bizim təzyiqimizin nəticəsidir" - Keçmiş diplomat

 15:02 25.05.2023     448

“Paşinyan Qarabağın Azərbaycana məxsusluğunu tam mənada bəyan etdi və dedi ki, Qarabağ Azərbaycan ərazisidir. Amma görünür ki, Paşinyan yenə ayaq yeri saxlayır”.

Bu sözləri Redaktor.az-a politoloq Fikrət Sadıxov Ermənistanın Baş naziri Nikol Paşinyanın anklavlarla bağlı son bəyanatlarına münasibət bildirərkən dedi.

O, bildirdi ki, Paşinyana daxildən və xaricdən təzyiqlər var:

“Çünki birinci bəyanatında dedi ki, Azərbaycanın ərazisini bu anklavlarla birlikdə tanıyırıq. İndi isə məsələni müzakirə predmetinə çevirir. Görünür, Paşinyana həm daxildən, həm də xaricdən edilən təzyiqlər onu bu cür ziddiyətli bəyanat verməyə məcbur edir. Sadəcə olaraq Paşinyanın qəti mövqeyi də yoxdur. Biz dəfələrlə eşitmişik, deyib ki, Qarabağ Ermənistandır. İndi bilmirik anklavlarla bağlı hansı bəyanatlarla çıxış edəcək. Amma bütün bəyanatları bizim səylərimizin, təzyiqimizin nəticəsidir. Digər tərəfdən, həm Vaşinqton, həm də Brüssel görüşləri də göstərdi ki, onlar bizim mövqeyimizi tam dəstəkləyir. Şarl Mişelin bəyanatından da aydın olur ki, Paşinyan Azərbaycanın bütün tələblərini qəbul etdi. Bundan sonra gedişatın necə olacağını bilmirik. Moskvadakı danışıqların nəticəsi düşünürəm ki, ümumi məsələlərə müəyyən aydınlıq gətirəcək”.

F.Sadıxov dedi ki, biz delimitasiya məsələsinə Alma-Ata bəyannaməsi əsasında baxacağıq:

“Bizim üçün bu, əsas bünövrədir. 1991-ci ildə respublikaların müstəqilliyi bərpa olunanda bu məsələlər orada müzakirə edilib, həll olunub. Düşünmürəm ki, digər xəritələrlə bizim maraqlarımıza cavab verilsin”.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəmizin ərazi bütövlüyünü tanıdğını bəyan edərkən, Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə anklavların da daxil olduğunu bildirib.

“Bildiyiniz kimi, bizim razılaşdığımız məsələlər var, lakin anklavlar məsələsi hələ razılaşdırılmayıb, bütün variantlar müzakirə olunur”, - deyən Paşinyan sonrakı bəyanatında əlavə edib ki, tərəflər bu məsələ ilə bağlı danışıqlar aparır və “mümkün həll yollarından biri anklavların hazırda olduqları ölkənin bir hissəsi kimi tanınmasıdır”.

Paşinyan həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının 1975-ci ildəki Sovet Baş Qərargahının xəritələri əsasında aparılmasını təklif edib.

Humay İSGƏNDƏRLİ