Azərbaycan bu gün Avropanın etibarlı enerji təchizatçısıdır

 13:53 26.05.2023     325

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyi məsələsidir. Enerji qaynaqlarının əhəmiyyəti gündən-günə durmadan artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Strateji enerji mənbələri dünyanın geosiyasi vəziyyətinə təsir edən amillərdən birinə çevrilib.

Bunun nəticəsində zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Ölkəmiz də zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın zəngin enerji resurslarına malik olması həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır.

Azərbaycan qlobal miqyasda qaz ixrac edən ölkəyə çevrilib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu təbii qaz ixracının həcmini artırmaqla yekunlaşmır. Ölkəmiz olduqca zəngin alternativ enerji potensialına malikdir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır.

Azərbaycan Avropanın enerji bazarına çıxış üçün hər zaman reallaşdırılması sadəcə xəyal olan, ancaq sonda Prezident İlham Əliyevin gərgin əməyi ilə həyata keçirilən meqalayihələrin əsas müəllifi olub. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında  “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Bundan bir necə ay sonra İlham Əliyevin iştirakı ilə Bolqarıstan və Yunanıstan qaz şəbəkələrini birləşdirən interkonnektor  istifadəyə verilməsi mərasimi keçirildi.

Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında bu məsələlərə toxunaraq bildirib ki, bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik. Dövlət başçısı həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələrin təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanı yaradacağını diqqətə çatdırıb: “Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir”.

Enerji sahəsində Azərbaycanın Avropa üçün mövcud və gələcək statusu Aİ rəsmiləri tərəfindən də xüsusi vurğulanır. Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simsonun ölkəmiz haqqında səsləndirdiyi fikirlərə diqqət yetirək: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən təchiz olunan enerji təchizatı həlledici oldu.

Beləliklə, Azərbaycan Avropanın enerji xəritəsini dəyişir.

Altun Şeydayev
YAP Ağsu Rayon Təşkilatinin sədr müavini