Moskva danışıqlarında əsas məqsədimizə çatdıq - Sahib Alıyev

 17:25 26.05.2023     561

Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin Moskvadakı 20 dəqiqəlik üçtərəfli görüşləri özündən əvvəlkilərdən ilk növbədə onunla fərqlənirdi ki, həlledici nəsə olacağıyla bağlı hər hansı gözlənti yox idi. Əksinə, azacıq ehtiyatlanma vardı ki, Paşinyanın Azərbaycanın torpaq bütünlüyünü tanıdığını  konkret rəqəmlərlə təsdiqləməsindən heç də razı qalmayanlar və bunu gizlətməyənlər ona öz istədiklərini dedirtdirəcəklər. Ancaq bu, baş vermədi.  Azərbaycan Prezidenti ilə polemikasından da göründüyü kimi dili və məntiqi pozuq olsa da, Paşinyan Moskvaya dəqiq ev tapşırığıyla gəlmişdi. Ev tapşırığı isə bundan ibarət idi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına ancaq orada giriş-çıxış rejiminə hay sərhədçiləri və gömrükçüləri nəzarət edəcəkləri, üzərində suverenliyini qoruyub saxlayacağı halda hazırdır. Açığını deyək ki, Zəngəzur dəhlizinin üçtərəfli bəyanatda nəzərdə tutulan rejim üzrə çalışması taktiki baxımdan bizə əl verirdisə, Paşinyana diqtə olunan və onun təqdim etdiyi ev tapşırığındakı variant strateji baxımdan tam maraqlarımıza uyğundur.

Moskva görüşündə o da aydın oldu ki, Paşinyan Azərbaycanın Laçın yolunun başlanğıcında qurduğu nəzarət-buraxılış məntəqəsinin əlyehinə çıxdıqlarını qabartmağa çalışsa da, bunun perspektivsizliyini gözəl bilir, sadəcə hay auditoriyasına oynayır ki, baxın Kreml bizi dəstəkləmədiyi üçün vəziyyət belə alınıb. Elə məhz o üzdən də mosvadakıların deyil də, qərbdəkilərin dedikləri ilə oturub-durmağa üstünlük verir.

İndi gələk görüşü təşkil edənlərə, onların məqsədi öz dillərində desək, “v teme” olduqlarını və prosesləri kontrolda saxladıqlarını sərgiləmək idi ki, bunun da  bizə elə də istisi-soyuğu yoxdur. Fikrimcə, Moskva görüşünə və onun sadəcə üçtərfli fomatda keçirilməsinə razılığımız da elə bu demək idi. Moskva danışıqlarında əsas məqsəd digər platformalarda əldə edilən uğurların orada da təsdiqlətdirilməsi idi ki, istədiyimiz də oldu. Rusiya Prezidenti Vladimir Putin də tərəflərin artıq bir-birilərinin torpaq bütünlüklərini tanıdığını, yerdə qalan məsələlərin həlli mümkün və ikinci dərəcəli olduqlarını vurğuladı. Ümumiyyətlə, bütün platformalarda aparılan danışıqlar Azərbaycanın irəli sürdüyü, bir sıra hallarda isə hay təxribatlarının qarşısını alaraq əməliyyat keçirməklə diqtə etdiyi gündəlik üzrə gedir ki, son Moskva görüşü də bu baxımdan istinsa deyildi. 

Sonda onu da deyim ki, Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdəki toplantısına qatılmasının guya milli maraqlarımıza cavab vermədiyini bildirən bəzi bəziləri cənab İlham Əliyevin oradakı çıxışına yenidən baxsalar pis olmaz. Mən isə həmən çıxışdan bir hissəni diqqətə çatdırmaq istərdim ki, o da Azərbaycanın  bütün platformalarda keçirilən görüşlərə nəticəni öncədən bilirmiş kimi niyə əminliklə razııq verdiyinə  aydınlıq gətirilməsi baxımından da az önəmli deyil: “Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərakatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur”.

Sahib ALIYEV,

Milli Məclisin deputatı