"Moskva görüşündə Ermənistan növbəti dəfə siyasi məğlubiyyətə uğradı" - Deputat

 18:01 26.05.2023     887

Xəbər verdiyimiz kimi, mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

Görüş zamanı bir sıra məsələlər müzakirə olunub.

Eyni zamanda, Paşinyan Rusiya Prezidenti Vladimir Putinin sözünü yarımçıq kəsərək Azərbaycanı Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə üçtərəfli razılaşmaları pozmaqda, hətta Ermənistana qarşı ərazi iddialarında ittiham edib.

Prezident İlham Əliyev isə Ermənistanın hökumət başçısına tutarlı cavab verməklə, onu yerinə oturdub.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, birinci dəfə deyil ki, Ermənistan müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanla olan münasibətlərini tamam fərqli bir mövqedə təqdim etməyə çalışır və bilərəkdən başqa dövlətləri özünün Azərbaycana qarşı çirkin hərəkətlərinin müəllifi kimi müəyyən səy göstərir.

Onun sözlərinə görə, amma bu, Ermənistanda alınmır:

"Görünən ondan ibarətdir ki, Ermənistan ikitərəfli görüş ərəfəsində hansısa bir təxribata əl atmağa çalışır. Bu, ya hərbi təxribat və yaxud da dünənki kimi siyasi təxribat ola bilir. Birincisi, Laçın dəhlizi Azərbaycan ərazisidir. Ona dair Ermənistanın hər hansı bir rəy bildirməsi qeyri-mümkün olan bir məsələdir və Azərbaycanın öz sərhədlərində sərhəd-keçid məntəqəsi quraşdırması onun suveren hüququdur. Onun üçtərəfli bəyannaməyə hər hansı bir aidiyyatı yoxdur. Rusiya sülhməramlıları Azərbaycanın müəyyən bir ərazisindədirlər. Azərbaycanın hakimiyyət orqanları və silahlı qüvvələri həmin əraziyə daxil olmurlar və hər hansı bir saziş pozulmur. Ərazi iddiamız yox, bizim öz torpaqlarımızı geri istəmək iddiamız var və bunu heç yerdə gizlətmirik. Azərbaycanın səkkiz kəndi bu gün Ermənistanın işğalı altındadır və həmin kəndləri Azərbaycan geri istəyir və geri istəyəcək. Sülh müqaviləsi, sonra sərhədlərin demarkasiya, delimitasiyası məsələsi müzakirə ediləndə Azərbaycan həmin səkkiz kəndi geri almayana qədər Ermənistanla demarkasiya barəsində hər hansı bir saziş imzalamayacaq və bunu Ermənistan yaxşı bilməlidir. Bəlkə də bilirlər, özlərini görməməzliyə vururlar və yaxud da mümkündür ki, Ermənistan lideri bu cür bəsit bəyanatlarla Ermənistan daxilində özünə siyasi xallar qazanmağa çalışır".

Deputatın fikrincə, görünən ondan ibarətdir ki, Ermənistan növbəti dəfə beynəlxalq tədbirdə biabır oldu.

"Onun birincisi, etik qaydaları pozması, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri, Azərbaycanı etmədiyi hərəkətlərdə ittiham etmək fəaliyyətinin qarşısı Azərbaycan prezidenti tərəfindən qətiyyətlə alındı, cavabı verildi və Ermənistan növbəti dəfə siyasi məğlubiyyətə uğradı. Biz necə çətin və problemli bir qonşu ilə qonşu olduğumuzun fərqindəyik. Ona görə də torpaqlarımızın işğaldan azad edilməsi 30 il çəkdi. Üç ildir bəyannamə imzalanmasına baxmayaraq, hələ də sülh müqaviləsini imzalamaq mümkün olmur və nə vaxt imzalanacaq, bilinmir. Üçtərəfli bəyannamədə Azərbaycanın bu hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların açılması məsələsi qeyd edilsə də, hələ də o məsələ öz həllini tapmayıb və s. Bununla belə, Azərbaycan suveren hüquqlarından əl çəkməyəcək. Və Ermənistan bilməlidir ki, ərazi bütövlüyümüzü tanımalıdır, daxili işlərimizə qarışmamalıdır və SSRİ dövründə Azərbaycana məxsus olan axırıncı metr əraziyə qədər ərazini geri qaytarmalıdır", - deyə Aydın Mirzəzadə vurğuladı.

Həmidə İBRAHİMLİ