"Ermənistan "hə" desə, çox yaxında sülh müqaviləsi imzalanacaq" - Çavuşoğlu

 19:12 26.05.2023     423

Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanacağı təqdirdə Ankara İrəvanla münasibətlərdə müsbət addımlara hazırdır.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Biz İrəvanın son bəyanatını müsbət qiymətləndiririk, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər, qarşılıqlı müsbət bəyanatlar var. Biz bunu dəstəkləyirik. Azərbaycan hərtərəfli sülh sazişi təklif edib, Ermənistan "hə" desə, çox yaxında müzakirələr aparılacaq və bu müqavilə imzalanacaq. Biz Türkiyə olaraq bu vəziyyətdə bəzi müsbət addımlar atacağıq”, - Türkiyə XİN rəhbəri deyib.

Qeyd edək ki, bu gün "Reuters" agentliyi Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən xəbər vermişdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti zamanı Qarabağ üzrə sülh sazişi imzalaya bilərlər. O, bunu qaçırılmaması üçün tarixi bir an adlandırıb. Agentliyin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, sammit çərçivəsində Paşinyan və Əliyev Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla danışıqlar aparacaq.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu gün bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür.

Turan İSMAYIL