Ermənistan XİN-dən Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı AÇIQLAMA

 21:09 26.05.2023     359

İyunun 1-də Kişinyovda keçiriləcək sammitdə Azərbaycanla sülh müqaviləsinin imzalanması nəzərdə tutulmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Xatırladaq ki,  “Reuters” Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən yazıb ki, Nikol Paşinyan və İlham Əliyev iyunun 1-də Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammitində sülh sazişi imzalaya bilərlər.

"Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, xüsusən də "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş ətrafında müzakirələr davam edir. Dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistan tərəfi həll yollarının tapıldığı anda sazişi imzalamağa hazır olacaq”,- deyə Badalyan bildirib.

İrəvan ümid edir ki, bu problemlər ətrafında müzakirələr iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində və ondan sonra planlaşdırılan görüşdə davam etdiriləcək.

"Kişinyovda keçiriləcək görüşün gündəliyində qeyd olunan sazişin imzalanması nəzərdə tutulmayıb", - XİN nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Moldova paytaxtında Ermənistan, Azərbaycan, Fransa, Almaniya liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə danışıqların aparılması planlaşdırılır.

Tunar Altunbay