"Prezident onun müjdəsini verdi ki, yaxın zamanlarda anti-terror əməliyyatları olacaq" - AÇIQLAMA
Mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Prezident səfər zamanı çıxışında Qarabağdakı erməni məmurlara da xəbərdarlıq edib. İlham Əliyev qeyd edib ki, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər.
Dövlət başçısının ermənilərə çağırışı ilə bağlı Redaktor.az-a danışan beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirdi ki, bu, çox konkret bəyanatdır.
Onun sözlərinə görə, birbaşa ölkənin birinci şəxsi oradakı terrorçularla bağlı müraciət edir və açıq mətnlə ifadə edir:
"Biz burda hansı məqsədləri oxumalıyıq? Birincisi, Ermənistanla münasibətlər və Qarabağdakı erməni əhali ilə bağlı məsələ iki istiqamətə ayrıldı. Ayrı-ayrılıqda həll olunacaq yanaşma sərgiləndi. Ermənistanla bəlli bir məsafə qət edildi. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını Ermənistan rəhbəri elan elədi. 86,6 min kvadrat kilometr sərhədləri daxilində. Təbii bura Qarabağ da aiddir. Və bu, həm də proses olaraq o zaman baş verdi ki, Moskva görüşündən sonra geniş açıq mətnlə prezident bunu ifadə elədi. Ən əsası, niyə Moskva görüşündə bu qırmızı xətlər keçirilməli idi? Çünki Rusiyanın mövqeyi var, orda bəlli şəkildə maraqları var".
Ə.Əlibəylinin fikrincə, Rusiya üçün Qarabağ üzərində iki vacib nöqtə var.
"Bu, bir sülhməramlılar məsələsidir, digəri də burada yaşayan ermənilərin məsələsidir. Və nəhayət, ümumiləşdirərək Azərbaycan prezidentinin dediyini necə oxumaq olar? Birincisi, bölgədəki ermənilərə qarşı konkret niyyət var. Söhbət separatçı ermənilərdən gedir. İkincisi, Azərbaycan tərəfi silahı yerə qoymaq üçün de-fakto onlara vaxt verir. Üçüncüsü, Azərbaycan tərəfi özünün suveren ərazisi daxilində, hansı ki, bunu Vladimir Putinin qarşısında prezident Paşinyanın ritorik sualına cavab olaraq bəyan elədi ki, Laçın yolunun başlanğıcına nəzarət-buraxılış məntəqəsinin qoyulması Azərbaycanın suveren ərazi haqları daxilindədir. Bu haqqı biz indi həm də Qarabağ ərazisinə və orada yaşayan erməni vətəndaşlarına aid edəcəyik. Ən nəhayət bu, Azərbaycan üçün belə bir presedent yaradır ki, orada anti-terror əməliyyatlarını həyata keçirmək üçün hüquqi, siyasi zəmin yaratsın. Hərbi baza artıq mövcuddur, presedent mövcuddur, hüquqi və siyasi əsas yaradır. Məhz prezident bunu açıqladı və onun müjdəsini verdi ki, yaxın zamanlarda anti-terror əməliyyatları olacaq", - deyə ekspert bildirdi.
Həmidə İBRAHİMLİ