"Ərdoğan bütün türk dünyası üçün mühüm və önəmli bir seçimdir" - Deputat
Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbəti müddətə prezident seçildi. Bir neçə gündən sonra onun andiçmə mərasimi baş tutacaq.
Maraqlıdır, Ərdoğanın yenidən prezident seçilməsi türk dünyası üçün nə vəd edir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Ərdoğanın prezident seçilməsi Azərbaycan tərəfindən də böyük səbirsizliklə gözlənilirdi.
Onun sözlərinə görə, Türkiyə qədər azərbaycanlılar da bu prosesi diqqətlə izləyirdilər və səbirsizliklə Rəcəb Təyyib Ərdoğanın qələbəsini gözləyirdilər:
"Burada Türkiyə Respublikası növbəti dəfə sınaqdan, demokratiya dərsindən üzüağ çıxdı. Yəni biz bunu söyləyə bilərik ki, türk xalqı növbəti dəfə qələbəsini və demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi. Bu qələbə təkcə Türkiyənin yox, bütün türk dünyasının, müsəlman dünyasının, bütövlükdə bu gün təlatümlə yaşayan dünyamız üçün çox önəmlidir. Yəni Rəcəb Tayyib Ərdoğan təkcə Türkiyə üçün yox, qeyd etdiyim kimi, həm Azərbaycan üçün də, türk dünyası üçün də, Türk Dövlətləri Təşkilatı üçün də çox mühüm və önəmli bir seçimdir. Və hazırkı dönəmdə, dünyada lider qıtlığının yaşandığı bir dövrdə də onun prezident seçilməsi, hesab edirəm ki, bütövlükdə dünyamızdakı proseslərə müsbət təsir göstərəcək bir məsələdir. Bu, bölgəmizə istiqrar, inkişaf vəd edir. Bölgəmizin daha da güclənməsini, inkişafını vəd edir. Hesab edirəm ki, Türkiyə xalqı düzgün seçim etdi, düzgün qərar qəbul etdi və düzgün addım atdı".
Həmidə İBRAHİMLİ