İsraillə Azərbaycan birlikdə bir çox çətinlikləri dəf edəcəklər - Deputat

 17:18 31.05.2023     359

"Heç kəsə sirr deyil ki, Azərbaycanda həmişə yəhudi əsilli insanlar yaşayıb və yəhudilərlə azərbaycanlılar həmişə qardaş, dost münasibətdə olub. Biz onları özümüzdən heç vaxt ayırmamışıq və elə bunun bariz nümunəsidir ki, dünyanın müxtəlif yerlərinə səpələnmiş yəhudilər həmişə Azərbaycanın haqq səsini qaldırıblar. Azərbaycanı hər dəfə müdafiə ediblər və İsrail dövləti də Azərbaycan müstəqillik qazandıqdan sonra öz dəstəyini nümayiş etdirib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif həmzəyev İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərini şərh edərkən deyib.

Deputatın fikirncə, Azərbaycanın neft strategiyasının inkişaf etdirilməsi, iqtisadiyyatının şaxələndirilməsi, beynəlxalq nüfuzunun artırılmasında İsrail dövlətinin, İsrail şirkətlərinin, yəhudi əsilli azərbaycanlıların çox böyük xidmətləri olub:

"Azərbaycan və İsrail arasında dövriyyə 1.7 milyard dollar təşkil edir. Bunun yaxın gələcəkdə daha da artırılması nəzərdə tutulur və İsrail prezidentinin Azərbaycana səfəri zamanı mən düşünürəm ki, bu məsələlər daha çox müzakirə edildi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki dövlət arasında iqtisadi, ticari, turizm və digər sahələrdə əlaqələrin daha da gücləndirilməsi üçün çox böyük potensial var. Biz bu potensialı düzgün istifadə etməliyik. Biz çalışmalıyıq ki, qarşılıqlı səfərlər yalnız mövsümü yox, bütün dövrü əhatə etsin. Bilirsiniz ki, iqtisadiyyatın əsasını nəqliyyat, yük daşımaları, yolun, hava marşrutunun olmasıdır və bu baxımdan da uçuşların sayının artırılması çox önəmlidir, vacibdir. Həmçinin də müasir dövrdə, xüsusilə də pandemiyadan sonrakı dövr üçün hər bir dövlət öz səhiyyə sisteminin daha da mükəmməl səviyyəyə gətirilməsi, vətəndaşların səhhətinin və sağlamlığının qoruna bilməsi üçün islahatlar həyata keçirir. Azərbaycan da bu qəbildən bir çox işlər həyata keçirdir, yeniliklər tətbiq etməyə başlayıb. İcbari tibbi sığorta tətbiq edilir və bu sahədə irəliləyişlər var. Sadaladığım bu qəbildən olan sahələr tibbi sahənin inkişaf etdirilməsi, ən müasir avadanlıqların tibb sahəsinə tətbiq edilməsi, müalicəsi çətin olan xəstəliklərin müasir texnologiyalar vasitəsilə müalicə edilməsi İsraildə uzun dövrdür tətbiq edilir və Azərbaycan İsrail arasında məhz bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi, birgə proqramın hazırlanması, fəaliyyət proqramının icra edilməsinə ehtiyac var idi. İsxak Hersoqun səfəri zamanı da buna dair sazişlər imzalandı. Biz düşünürük ki, İsrail prezidentinin səfərindən sonra mövcud vəziyyət bir daha araşdırılacaqdır. Dövlətlər bu məsələləri dərindən öyrənəcəkdir. Həm Azərbaycandakı İsrail səfirliyi, həm İsraildəki Azərbaycan səfirliyi dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində öz üzərinə düşən işləri görəcəklər və Azərbaycanın hərbi sənayesinin də gücləndirilməsi, birgə uçuş aparatlarının və digər müasir avadanlıqların istehsal edilməsi də daim gündəmdə olacaqdır. Yaxın gələcəkdə ölkələrarası dövriyyənin daha üst səviyyələrə çıxarılması planlaşdırılır. İsrail-Azərbaycan, Azərbaycan-İsrail münasibətləri ikili, regional və qlobal səviyyədə həmişə inkişaf edəcəkdir və birlikdə bir çox çətinliklər dəf olunacaqdır".

Həmidə İBRAHİMLİ