"Ordumuzun müasir silahlarla təchizatında İsrailin böyük rolu var" - Deputat

 18:30 31.05.2023     480

"Bizim münasibətlərimizin tarixi kökləri var. Azərbaycan ərazisində ta qədimdən yəhudi icması yaşayıb və indi də yaşamaqdadır. Onlarla Azərbaycan xalqı arasında çox normal, yaxşı münasibətlər olub. Heç də təsadüfi deyil ki, bu gün İsrailə köçüb və orada yaşayan Azərbaycandan olan yəhudilər orada xüsusi bir təşkilat yaradıblar və Azərbaycan haqqında həqiqətlərin həmin ölkədə yayılmasında böyük rol oynayırlar".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərini şərh edərkən deyib.

Deputat onu da vurğuladı ki, İsrail Azərbaycanın dövlət mütəqilliyini tanıyan ilk dövlətlərdən olub:

"İsrail daim Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və işğal faktorunu qəbul etməyib. Müxtəlif sahədə əməkdaşlıq olub. Xüsusilə Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsində İsrailin böyük rolu vardır. Bu il artıq Azərbaycan İsraildə səfirliyin açılması barəsində qərar qəbul edib. Bundan əvvəl də vaxtaşırı İsrail rəsmilərinin  Azərbaycana qarşılıqlı səfərləri mövcud idi. Amma bir müddət əvvəl xarici işlər nazirinin, dünən, bu gün isə İsrail dövlətinin prezidentinin Azərbaycana səfəri münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. Dünyada demək olar, bir çox məsələlər üzrə bizim mövqeyimiz eynidir. Biz bir-birinin daxili işlərinə qarışmadan, qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığa hazırıq və bunun nümunələri var. Azərbaycan Fələstin xalqının müstəqil dövlət hüququnu tanıyır və bu məsələdə daima öz mövqeyini ortaya qoyub. İsrail Azərbaycanın bir çox sahələri ilə əməkdaşlıq etmək fikrini bildirib və dünən iki sahə - energetika və səhiyyə sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalandı. Hesab edirəm ki, sonradan daha çox sənədlər imzalanacaq və bu münasibətləri bu gün mən digər ölkələr üçün bir nümunə münasibətləri kimi qiymətləndirərdim. Azərbaycan və İsrail dünya birliyində stabilliyin qorunmasında, məsələlərin beynəlxalq hüquq və milli maraqlara hörmət əsasında həll edilməsində daima öz mövqelərini bildiriblər. Hesab edirəm ki, bu səfər Azərbaycan-İsrail münasibətlərini daha da möhkəmləndirdi".

Həmidə İBRAHİMLİ