"Keçmişin səhvlərini təkrar etməyəcəyik" - Simonyan Rusiyadan narazıdır

 15:49 01.06.2023     362

Rusiya, Avropa İttifaqı və ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdırlar, lakin bunun üçün ən güclü mexanizm seçmək lazımdır.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə keçirdiyi brifinqdə deyib.

Moldovanın paytaxtı Kişinyovdan 45 kilometr aralıda yerləşən Bulboaca kəndində Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa İttifaqı Şurasının prezidenti və Azərbaycan prezidentinin beştərəfli görüşü baş tutacaq. İrəvan bəyan edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması planlaşdırılmır.

Simonyan əlavə edib ki, danışıqların aparıldığı bütün mərkəzlər sazişin həyata keçirilməsinin təminatçısı olmağa hazırdır. Lakin Ermənistan tərəfi üçün bu qarantın razılaşmalara əməl olunması məsələsində ardıcıl olması vacibdir. Bu kontekstdə Simonyan bildirib ki, şəxsən o, “noyabrın 9-da üçtərəfli razılaşmaların həyata keçirilməsinin tərəfdarı olan qarantın davranışından və bəyanatlarından razı deyil”.

“Bizim 9 noyabr təcrübəsi var və biz keçmişin səhvlərini təkrar etməyəcəyik”, - deyə spiker bildirib.

Onun Rusiyanı nəzərdə tuturmu sualına isə Simonyan mənfi cavab verib və izah edib ki, söhbət qarantın daha aydın və başa düşülən mexanizmlərindən gedir. Jurnalistin ATƏT-dən nümunə götürərək beynəlxalq formatdan söhbət getməsi ilə bağlı iradına cavab olaraq parlamentin spikeri əlavə edib ki, onun fikrincə, bir ölkə zamin qismində çıxış etsə, daha yaxşı olar.

“Təcrübə göstərir ki, bir neçə ölkə prosesə cəlb edildikdə, ya onların arasında olan münaqişə səmərəli işə mane olur, ya da məsuliyyəti bir-birinin üzərinə atmağa çalışır.

Bu kontekstdə o, qərarların konsensusla qəbul edildiyi KTMT-ni misal çəkib. Onun sözlərinə görə, burada Rusiyanın üstünlük təşkil etməsi göz qabağındadır, lakin bu, qərarların qəbulunda həmişə rol oynamır. O xatırladıb ki, Ermənistan iki sənədi imzalamaqdan imtina edib.

"Ona görə də yaxşı olardı ki, bir ölkə olsun. Bu, Rusiya, Fransa, Almaniya ola bilər. Amma dəqiq mexanizmləri olan bir ölkə". 

Turan İSMAYIL