“Bizim üçün problem yaradacaq elə bir anklav yoxdur” – Paşinyan

 10:48 02.06.2023     381

Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə deyib ki, ölkə üçün problem yaradacaq elə bir anklav yoxdur.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, icma nümayəndələrindən biri Kərki kəndinin Azərbaycana keçə biləcəyindən, nəticədə İrəvandan Dərləyəzə gedən yolda problem yarana biləcəyindən narahatlığını bildirib.

"İlkin versiyaya əsaslansaq, Kərkinin Azərbaycanın olduğunu görürürk. Tutaq ki, biz məsələyə hüquqi baxımdan baxırıq. Əgər siyasi baxımdan onun xəritəyə görə Azərbaycana aid olduğu ortaya çıxarsa, onda problem yoxdur. Amma Azərbaycanın Başkəndi qaytarıb, məsələn, Kərkini almaq istəyəcəyi fakt deyil”, - Paşinyan bildirib.

Onun fikrincə, belə olsa belə, bu məsələnin əhəmiyyətini çox qiymətləndirmək olmaz, çünki bu, sülh danışıqlarına  problemlər yarada bilməz.

"Əgər yol bu yolla gedə bilmirsə, o zaman başqa yolla gedə bilər. Problem yoxdur", - Paşinyan bildirib.

Qeyd edək ki, dünən Paşinyan bəyan edib, İrəvan və Bakı  1975-ci ilin sovet xəritələrini əsas götürərək delimitasiya barədə razılaşıblar.

Tunar Altunbay