"Brüssel görüşündə sülh istiqamətində ciddi irəliləyiş əldə etmək olar" - Politoloq

 12:23 02.06.2023     485

“Liderlərin görüşü daha çox rəsmi görüşə hazırlıq xarakteri daşıyır”.

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Prezident İlham Əliyevin iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla qeyri-rəsmi görüşünü şərh edərkən deyib.

“Prinsip etibarilə söhbət qeyri-rəsmi görüşdən gedir və bu daha çox rəsmi görüşə hazırlıq xarakteri daşıyan görüşdü. Azərbaycanın mövqeləri aydındır və bundan öncə Prezident Laçına səfəri çərçivəsində Azərbaycan ərazilərində yaşayan erməni əsilli sakinlərlə bağlı ölkəmizin mövqeyini ifadə etmişdir. Bu mövqe Amerika Birləşmiş Ştatları tərəfindən də açıq şəkildə dəstəklənmişdir. Buna paralel olaraq da bəlli olduğu kimi, Ermənistanın baş naziri də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın da Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib", - deyə E.Mirzəbəyli qeyd etdi.

Politoloqun sözlərinə görə, indiki şəraitdə sülh platforması üçün irəliləyişlərin əldə olunduğunu söyləmək mümkündür:

“Bəzi açıq qalan mövzular var ki, onların da həlli istiqamətində müsbət mesajların verildiyi bildirilir. Bu aspektdən düşünürəm ki, Brüsseldə keçirilməsi nəzərdə tutulan növbəti görüşdə sülh istiqamətində ciddi irəliləyiş əldə etmək olar. Amma indiki konkret olaraq görüşün qeyri-rəsmi xarakter daşıdığını əsas götürsək, bununla bağlı rəsmi açıqlamaların olmadığını nəzərə alsaq, ümumi şəkildə mövqelərin uzlaşdırması baxımından, təbii ki, əhəmiyyətli bir görüş kimi dəyərləndirmək olar”.

Arzu İSMAYIL