"Bu görüş Azərbaycanın iradəsi və diktəsi ilə baş verib" - AÇIQLAMA

 14:29 02.06.2023     441

“Şarl Mişel görüş haqqında açıqlama verərkən çox arxayın və ümidverici ifadələr işlətdi ki, müəyyən məsələlərin həlli üçün müzakirələr aparıldı və bunun davamı yaxın vaxtlarda Brüsseldə olacaq. Növbəti görüş İspaniyada nəzərdə tutulur, yəni danışıqlar gedir. İndi bu dəfəki danışıq bir az geniş tərkibdə oldu. Yəni beştərəfli - Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqı birgə görüş keçirdi. Dəqiq bir açıqlama olmasa da, Şarl Mişelin danışığından belə çıxdı ki, görüşlər məqsədəuyğundur və davamlı olacaq. Qarşıda duran məsələ də, sülh sazişinin bağlanması məsələsidir”.

Bu barədə Redaktor.az-a Milli Məclisin deputatı Elman Məmmədov iyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən qeyri-rəsmi görüşü şərh edərkən bildirdi.

Deputat hesab edir ki, bu görüş də Azərbaycanın iradəsi və diktəsi ilə baş verib.

“Çünki Azərbaycanın təklifləri beynəlxalq hüquqa uyğun təkliflərdir. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyası olmalıdır. Bu, bütün dövlətlər və dövlətlərarası münasibətlərə xas olan bir məsələdir. Burada qeyri-adi heç bir şey yoxdur. Bu, olmalıdır. Əgər Ermənistan maneçilik törətməsə. İkinci bir məsələ, Azərbaycan qəti olaraq şərt qoyur ki, bizim ərazimizdə qeyri-dövlətə, xüsusilə də Ermənistan dövlətinə məxsus olan qeyri-qanuni işğalçı silahlı birləşmələr tamamilə təmizlənməlidir, çıxarılmalıdır, ərazimizdə separatçı qurum olmamalıdır. Üçüncü məsələ isə, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla Azərbaycan arasında yol açılmalıdır. Çünki Naxçıvan 30 ildən çoxdur ki, blokada şəraitində yaşayır. İndi əgər Avropa belə canı dildən Azərbaycanın Qarabağ ərazisində olan 25-30 min erməninin dərdini çəkirsə, neçə yüz min naxçıvanlı da 30 ildən çoxdur blokadada yaşayır, o haqda da Avropa fikirləşməlidir. Xırda məsələlər çoxdur. Ancaq əsas dediyim üç məqam Azərbaycanın qəti mövqeyidir. Hesab edirəm ki, danışıqlar da bu istiqamətdə davam edir və etməlidir”- deyə Elman Məmmədov qeyd etdi.

Arzu İSMAYIL