"Azərbaycan və Almaniyanın uyğun qurumları Fəridin müdafiəsini təşkil etməlidir" - Politoloq

 15:31 02.06.2023     790

Xəbər verdiyimiz kimi, üç aya yaxındır ki, müəmmalı şəkildə itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli İranda casusluq maddəsi ilə həbs edilib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İrana nota verib. Məlum olub ki, İran tərəfi notaya cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Sədrəddin Soltan bildirdi ki, Azərbaycan tərəfidən ilk növbədə Fərid Səfərlinin müdafiəsi təşkil olunmalıdır.

Onun sözlərinə görə, Fəridin ictimai və hüquqi müdafiəsi təşkil olunmalıdır.

"Fəridə vəkil tutulması vacibdir. Bundan başqa, Fərid Almaniyadan İrana səfər edib. Almaniyanın uyğun qurumlarının cəlb edilməsi vacib məsələdir. Fərid Səfərlinin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq ictimaiyyətin rəyi, beynəlxalq ictimaiyyətin onu müdafiə etmək üçün qüvvəsi, mütəxəssislər cəlb olunmalıdır. Digər tərəfdən, İranda nə istintaq, nə də məhkəmə şəffaf olmadığından, İranın ədliyyə sistemi ümumiyyətlə ədalətli olmadığından, Fərid Səfərliyə qarşı irəli sürülmüş ittihamın doğru olmadığını bir daha təsdiqləmək üçün tərəfsiz müstəntiq qrupu təşkil olunması vacibdir. Çünki hazırda onun vəkili yoxdur. Tehran hakimiyyəti isə ona işgəncə verə bilər. Bəlkə də artıq işgəncə verib. Çünki üç aydan sonra Fəridə qarşı casusluq ittihamının irəli sürülməsi, Fəridin üzə çıxarılması, - əvvəllər Tehran hakimiyyəti bundan imtina edirdi - sübut edir ki, Fəridə indiyə qədər işgəncələr verilib və bu işgəncənin nəticəsində hətta ona məcbur edə bilərlər ki, hansısa məsələni etiraf etsin. Odur ki, beynəlxalq ictimaiyyətin Fərdin hüquqlarını müdafiə etməyə səfərbər olması vacibdir. Eləcə də ilk növbədə Azərbaycan və Almaniyanın uyğun qurumları Fəridin müdafiəsini təşkil etməlidir", - deyə S.Soltan bildirdi.

Həmidə İBRAHİMLİ