"Ermənistan çalışır ki, qoşunlar təmas xəttindən güzgüvari çəkilsin" - Deputatdan AÇIQLAMA

 16:15 02.06.2023     599

Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib.  

Bəs, 1975-ci il xəritələri əsasında delimitasiya Azərbaycanın mənafeyinə uyğundurmu?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, təbii ki, Paşinyan açıqlamada 1975-ci ilin xəritələrinə istinad etmək istəyir. Məlumdur ki, bu hərbi xəritələr sovet dövründən qalmış xəritələrdir.

“Bu xəritələrdə anklavlar nəzərdə tutulur. Orada Kərki məsələsi var, eyni zamanda Qazaxın kəndləri və digər məsələlərin həlli nəzərdə tutulur. Ciddi cəhdlə onlar sovet dövründəki ərazimizin nə qədər olmasını misal kimi göstərməyə çalışır. Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometr və Ermənistanın ərazisini isə, 29,8 kvadrat kilometr olmasını gündəmə gətirirlər. Burada da bir sıra məqamlar var: yüksəkliklər, hündürlüklər və güzgüvari. Onlar çalışır ki, qoşunların təmas xəttindən güzgüvari çəkilmələr olsun. Lakin bunların hamısı detallardır və düşünürəm ki, hər bir detalın da üzərində ciddi müzakirələr aparılacaq, ekspertlər işləyəcək. Eyni zamanda, Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələlər öz əksini tapacaq" - deyə o, qeyd etdi.

A.Nağıyev hesab edir ki, Prezident İlham Əliyevin iyunun 1-də Moldovada Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla qeyri-rəsmi görüşü çox mühüm əhəmiyyət kəsb edən görüşdü və Azərbaycan qalib tərəf kimi özünün ortaya qoyduğu məsələlərin bir daha həllinə çalışdı:

"Həmçinin məlum məsələdir ki, əsir və girovlarla, itkin düşmüş, taleyi məlum olmayan şəxslərlə bağlı, həmçinin minalarla bağlı məsələlər də var. Düşünürəm ki, Azərbaycan öz şərtlərini ortaya qoyub diktə edən tərəf kimi bir daha bu görüşdən belə bir nəticə ilə ayrıldı”.

Arzu İSMAYIL