"Revanşistlər və separatçılar sülhün olmağını istəmir" - Deputat

 17:36 05.06.2023     358

Artıq bir neçə gündür ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa, Xocalı, Xocavənd, Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutur. Düşmən təxribatı eyni zamanda Azərbaycan-Ermənistan şərti sərhədində də baş verir.

Bütün bunlar isə sülh müqaviləsi istiqamətində aparılan danışıqlar ərəfəsinə təsadüf edir. Yəni Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanla danışıqlar masasına oturur, digər tərəfdən silahlı təxribatlara əl atırlar.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyevin sözlərinə görə, təəssüf ki, ermənilər tutduqları sözü yerinə yetirmirlər.

“Sülh danışıqlarında hər dəfə irəliləyiş əldə olunduqdan sonra biz şərti Azərbaycan-Ermənistan sərhədində və yaxud separatçıların olduğu ərazilərdə təxribatların şahidi oluruq. Bu da ondan xəbər verir ki, burada birinci növbədə revanşistlər və separatçılar sülhün olmağını istəmir. Və yaxud sülh danışıqlarında daha rahat fikirlərini ifadə etmək, ağır şərtlərdən xilas olmaq üçün vətəndaşlar arasında narazılığın olduğu fikrini səsləndirə bilmək niyyətini güdürlər”.

Deputat qeyd etdi ki, şərti Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqı müşahidə missiyası fəaliyyət göstərir.

“Ermənilər bu cür təxribatları törətməklə bir növ həmin missiyaya sübut etmək istəyir ki, sərhəd ərazilərində narahatçılıq var və burada hansısa böyük hadisələr, toqquşmalar baş verə bilər. Bütün baş vermiş bu təxribatlara görə məsuliyyəti Ermənistan siyasi və hərbi rəhbərliyi daşıyır. Hər dəfə bu cür təxribatlardan sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin və separatçılarının cavabı ən yüksək səviyyədə verilir və onlar ağır itkilərə məruz qalırlar. İstənilən halda biz mövqeyimizdə qətiyik, şərtlərimiz açıqdır. Görüşlərin hansı şəhərdə, hansı moderatorluq ilə həyata keçməsindən asılı olmayaraq, biz regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmağını istəyirik. Cənab Prezident ən qısa zamanda bunu əldə etmək üçün bütün səylərini səfərbər edir. Ümid edirik ki, biz tezliklə sülhün şahidi olacağıq”,-deyə o bildirdi.

Arzu İSMAYIL