"Danışıqlar masası arxasına əyləşməliyik" - Erməni qubernator anklavlardan danışdı

 13:54 06.06.2023     301

Ermənistan hökuməti anklavların mümkün köçürülməsi məsələsini regionun rəhbərliyi ilə müzakirə etməyib, çünki hələlik konkret qərar yoxdur.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan parlamentdə jurnalistlərə baş nazir Nikol Paşinyanın bəyanatını şərh edərkən bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanıdığını bəyan edib. O, bildirib ki, həm "Dağlıq Qarabağ", həm də Sovet Azərbaycanının anklavları daxildir.

"Konkret olaraq, hazırda bu hissə ilə bağlı danışıqlar aparılmır. Nə isə baş verəndə cəmiyyətə məlumat veriləcək... Baş nazir problemin (anklavlar - red.) həlli ilə bağlı dəfələrlə danışıb və izahat verib. Bu, delimitasiya və demarkasiya prosesində həll olunacaq", - Qalumyan qeyd edib.

Jurnalistlərin konkret ərazilərin Azərbaycana verilməsinin qonşu kəndlər üçün hansı nəticələrə səbəb ola biləcəyi sualına qubernator cavab verib ki, azərbaycanlıların da oxşar problemləri olacaq, lakin sülh müqaviləsi kontekstində bütün məsələləri həll etmək olar.

"Biz bu məsələləri həll etmək üçün danışıqlar masası arxasına əyləşməliyik. Hələlik konkret həll yolu yoxdur... Anklavlar isə inqilabdan sonra (2018-ci il nəzərdə tutulur - red.) yaranmayıb, həmişə olub", - Qalumyan deyib.

Turan İSMAYIL