"İran hakimiyyəti yaddan çıxarmasın ki, Bakıda da onların səfirliyi var" - Fikrət Sadıxov

 17:28 13.06.2023     471

Dünən İran Xarici İşlər Nazirliyinin (XİN)rəsmi nümayəndəsi Nasir Kənani deyib ki, Tehran və Bakı arasında danışıqlar münasibətlərdə gərginlik mərhələsindən Azərbaycanın İran paytaxtında səfirliyinin fəaliyyətinin bərpasının müzakirəsi mərhələsinə keçir.

O, qeyd edib ki, danışıqların son raundunda iki ölkə arasında yaranmış məsələlər üzrə danışıqlar apara biləcək texniki mütəxəssislərin nümayəndə heyətlərinin mübadiləsi razılaşdırılıb.

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə isə bildirib ki, son zamanlar Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bəs, Tehrandakı Azərbaycan səfirliyinin fəaliyyətinin bərpası hansı şəkildə mümkündür?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Fikrət Sadıxov bildirdi ki, ölkələrimiz arasındakı diplomatik əlaqələr qırılmayıb, sadəcə olaraq dayandırılıb və ya dondurulub.

Onun sözlərinə görə, buna da səbəb Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktı idi:

"Və təbii ki, bu cinayət tam açılmalıdır. Kim edib, bunların arxasında hansı qüvvələr, dairələr dayanıb, hansı məqsədlər dayanıb və onu törədən hansı cəza almalıdır və alıb? Bax, bu məsələlər araşdırılıb rəsmi Tehran tərəfindən bizə məlumat verilməlidir. Biz ondan sonra öz səfirliyimizin orda normal vəziyyətdə olması haqqında düşünərik. Baxarıq vəziyyət nə yerdədir, bizə təhlükə yaradılır və bundan sonra təhlükə yaradılmayacaq? Yəni bunlar bizə bir zəmanət verməlidirlər ki, burada bundan sonra belə bir terror aktı törədilməyəcək və bizim səfirliyimizə heç bir təhlükə yaranmayacaq. Bax bu halda biz orda öz diplomatik nümayəndəliyin işini bərpa edə bilərik. Bunu biz dəfələrlə demişik. Ola bilsin ki, yeni bir fikir deyil, amma Tehran görünür ya bunu yaddan çıxardır, ya buna diqqət yetirmir, ya da sadəcə olaraq bizim dediyimizi sanki eşitmir. Bizim isə mövqeyimiz çox aydın, konkret, şəffafdır və biz bu mövqedə qalırıq. Bundan sonra da qalmağa hazırıq. Və biz hər halda İranla qonşu dövlət kimi münasibətlərimizi normal bir səviyyəyə qaytarmağın tərəfdarıyıq. Biz heç kəsə düşmənçilik etmirik. Amma bizə qarşı bir təhlükə yarananda, bizə bir terror aktı törədiləndə təbii ki, adekvat cavabımızı veririk. Onlar yaddan çıxarmasınlar ki, Bakıda da onların səfirliyi var və onlar da fəaliyyət göstərir. Yəni bu ikitərəfli bir məqamlar, amillərdir. Çünki diplomatiya praktikasında bu, qəbul olunmuş bir məqamlardır".

Həmidə İBRAHİMLİ