"Ermənistan sülh barədə yox, yeni işğallar barədə düşünür" - Deputat

 14:00 16.06.2023     807

Dünən Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi, gizir Elşən Rüstəmov yaralanıb.

Düşmən həmin gün Zəngilan rayonu istiqamətində də mövqelərimizi atəşə tutub.

Bəs, ermənilərin yenidən bu təxribatlara əl atmaqda məqsədləri nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, dünənki təxribatlar bir daha onu göstərdi ki, Ermənistan sülh barədə yox, yeni işğallar və təxribatlar barədə düşünür.

Onun sözlərinə görə, ermənilər Azərbaycan torpaqlarını işğal etmək üçün davamlı olaraq müxtəlif tədbirləri həyata keçirir:

"Bu, çox qəbuledilməz bir yanaşma idi. Haqlı olaraq da Azərbaycan buna çox sərt reaksiyasını verdi və verməli idi. Baxın, bir tərəfdən Brüsseldə, Rusiyada danışıqlar prosesi gedir, biz münasibətlərin normallaşmasına çalışırıq, digər tərəfdən Ermənistan xam xülyalarla və xəyallarla yaşayaraq yenidən Azərbaycan torpaqlarını işğal etməyə çalışır. Hesab edirəm ki, Azərbaycanın cavabı sərt idi və daha da sərt olmalıdır. Ermənistan tərəfi bilməlidir ki, bu cür təxribat cəhdlərinin qarşısını Azərbaycan çox ciddi, qətiyyətlə alacaq. Dünən də onların hərbi hissəsi dağıdıldı. Düşünürəm ki, bütün bunlar Azərbaycanın nə dərəcədə prinsipial və qətiyyətli olduğunu bir daha nümayiş etdirir, göstərir. Ermənistan ağlını başına yığmalıdır və belə təxribatlara son qoymalıdır".

Həmidə İBRAHİMLİ