"Ermənistan özünün təxribatları ilə sülh prosesinə ciddi əngəllər törədir" - Deputat

 15:44 16.06.2023     379

“Hesab etmək olar ki, Laçın yolunda Ermənistanın növbəti dəfə təxribat törətməsi hər şeydən öncə Azərbaycanın cavab reaksiyasına nail olduqdan sonra ölkəmizin aqressir obrazını formalaşdırmaq cəhdindən ibarətdir. Bu istiqamətdə fikirləri, təsəvvürləri möhkəmləndirən məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqı mülki missiyası çox cəld reaksiya nümayiş etdirərək həmin əraziyə yollandı".

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Ermənistanın "Laçın" sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatını şərh edərkən dedi.

Həmsöhbətimiz hesab edir ki, Avropa İttifaqı mülki missiyası da Ermənistanın təxribatlarının bir elementinə çevrilib:

"Ermənistan təxribatlar törədir. Azərbaycan cavab reaksiyası nümayiş etdirir. Gələcəkdə Avropa İttifaqı mülki missiyası da Azərbaycanın əleyhinə qərəzli siyasi mövqenin yaradılmasına imkan verəcək hesabatlar hazırlamağa cəhd edə bilər. Bu, Ermənistan tərəfinin düşüncəsidir. Biz hər zaman müşahidə etmişik ki, Ermənistanın bütün təxribatlarının qarşısı qətiyyətlə, hərbi yolla alınıb. Hətta Ermənistanın siyasi təxribatlarının qarşısı da Azərbaycanın müdrik diplomatik siyasi gedişləri nəticəsində alınıb”.

Deputat məsələnin digər tərəfi də olduğunu da qeyd etdi.

“Ermənistan tərəfi son zamanlar xüsusi intensivliklə sülhə hazır olduqlarını bəyan ediblər, lakin onlar elə göstərməyə çalışırlar ki, bu günə qədər sülh sazişinin əldə olunmaması sanki Ermənistanın məsuliyyəti yox, Azərbaycananın məsuliyyətidir. Ermənistan tərəfi məhz beynəlxalq ictimai fikirdə bu təsəvvürləri də formalaşdırmağa çalışır. Azərbaycan sülh gündəliyini başladıb uğurla irəli aparır, amma Ermənistan özünün təxribatları ilə bu sülh prosesinə ciddi əngəllər törədir. Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın kənar dəstəkçiləri də ona bu istiqamətdə yaxından kömək edirlər. Ermənistan məsuliyyəti tamamilə kənara yönəltmək istəyir. Yəni sanki Azərbaycan bu istiqamətdə maneələr törədir" - deyən Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan həqiqətləri dünyaya çatdırmaq istiqamətində kifayət qədər sistemli və təsirli fəaliyyət göstərir:

“Ermənistanın növbəti təxribatları da heç bir nəticəyə gətirib çıxarmayacaq. Azərbaycan güclü olan mövqelərini daha da gücləndirir və müzakirələr masası arxasında da təşəbbüs təbii ki, bizə məxsusdur”.

Arzu İSMAYIL