"Azərbaycan əsgərinə kim güllə atırsa, dərhal yerində məhv edilməlidir" - Deputat

 15:55 16.06.2023     381

"Hamıya məlumdur ki, Azərbaycan dövlətinin Rusiya, Gürcüstan, İran və qardaş Türkiyə ilə quru sərhədləri bağlıdır. Azərbaycan dövləti erməni vətəndaşlarına humanistlik göstərərək, xeyirxahlıq edərək bizimlə düşmənçilik siyasəti aparan Ermənistanla quru sərhədlərini açıq saxlayıb. İnsanlar Laçında, Həkəri çayının üstündə körpüdə qurulmuş sərhəd-buraxılış keçid nəzarət məntəqəsindən hərəkət edə bilirlər. Amma Azərbaycanın bu xeyirxahlığının əvəzində Ermənistan necə hərəkət etdi? Öz torpağımızda bayrağımızı ucaldan əsgərimizə güllə atıldı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı dünən Azərbaycan-Ermənistan şərti sərhədində ermənilərin törətdiyi təxribatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu hərəkat Ermənistanın beynəlxalq normaları kobudcasına pozduğunu, terrorçu dövlət olduğunu sübut edir.

"Göstərir ki, rəsmi İrəvan sərhədlərin delimitasiyası, demarkasiyasından boyun qaçırır və sülh sazişini imzalamaq prosesini uzadır. Təbiidir ki, Ermənistanın özbaşına bu hərəkətləri etməyə cürəti çatmaz. Bu hadisə ona havadarlıq edənlərin işidir. Sərhəddə baş verənlər üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Amma insan haqlarından, humanitar məsələlərdən danışan beynəlxalq təşkilatlar, dövlətlər sərhəddə Ermənistanın törətdiyi təxribata qiymət verməlidirlər. Azərbaycan əsgərinə kim güllə atırsa, dərhal yerində məhv edilməlidir. Azərbaycan sərhədlərindən iznsiz bir quşun uçmasına yol vermək olmaz", - deyə Musa Qasımlı vurğuladı.

Həmidə İBRAHİMLİ