"Pakistan Baş nazirinin mövqeyi Ermənistanı müdafiə edən qüvvələrə xüsusi mesajdır"

 17:57 16.06.2023     502

Xəbər verdiyimiz kimi, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-də Azərbaycana rəsmi səfərə gəlib. Dünən isə, Prezident İlham Əliyevin Baş nazir Məhəmməd Şahbaz Şəriflə geniş tərkibdə görüşü baş tutub. 

Qeyd edək ki, Pakistan lideri mətbuata bəyanatı zamanı Ermənistanı dövlət olaraq tanımadıqlarını qeyd edərək bəyan edib ki, Azərbaycanla sülh sazişi imzalayandan sonra ölkəsi Ermənistanla münasibətləri bərpa edə bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, Pakistan liderinin Azərbaycana səfəri iki dövlət arasında olan münasibətlərin qardaşlıq səviyyəsinin göstəricisidir. O, qeyd etdi ki, Pakisan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, işğala görə Ermənistanla indiyə qədər diplomatik əlaqlələr qurmayan ölkələrdən biridir?

"Pakistan həmişə Azərbaycana səmimi qardaşlıq, dostluq münasibətləri göstərib. Eyni münasibəti  Azərbaycan da Pakistana qarşı nümayiş edib. Prezidentimizin Pakistanın Kəşmir məsələsində mövqeyini müdafiə etməsi barədəsindəki bəyanatı həm Pakistanda, həm də İslam dünyasında çox böyük razılıqla qarşılandı. Bu səfər iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, yeni sahələrdə əməkdaşlığın güclənməsinə və ikitərəfli münasibətlərin yeni istiqamətinin tapılmasına xidmət etdi. Bu səfər bir daha göstərdi ki, Azərbaycan dost-qardaş ölkələrlə olan münasibətlərinə həmişə xüsusi əhəmiyyət verir və bundan sonra da bu, belə olacaqdır”.

Deputat bildirdi ki, Pakistan Azərbaycanın dostu, qardaşı, ən yaxın müttəfiqidir.

“Pakistan Baş nazirinin Ermənistanla diplomatik əlaqələrin bərpası məsələsinə dair mövqeyi bir daha göstərir ki, Pakistan üçün Azərbaycanın ərazi bütövlüyü, milli maraqları çox önəmlidir. Bu Ermənistana və Ermənistanı xaricdə müdafiə eləyən qüvvələrə xüsusi bir mesajdır. Ermənistan bir daha düşünməlidir. Pakistan kimi güclü dövlətlə əlaqələr qurmaq istəyirsə, ilk növbədə Azərbaycanla olan münasibətlərini qaydaya salmalıdır”,-deyə A.Mirzəzadə vurğuladı.

Arzu İSMAYIL