"İstənilən vaxt öz ərazimizdə antiterror əməliyyatı keçirə bilərik" - Arzu Nağıyev
Dünən Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi, gizir Elşən Rüstəmov yaralanıb.
Düşmən həmin gün Zəngilan rayonu istiqamətində də mövqelərimizi atəşə tutub.
Bəs, ermənilərin yenidən bu cür təxribatlara əl atmaqda məqsədləri nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev öncə qeyd etdi ki, baş verən hadisə Azərbaycanın sərhəd-buraxılış məntəqəsində qulluq edən əsgərimizin yaralanması ilə nəticələnib.
Onun sözlərinə görə, erməni kütləvi informasiya vasitələri qəsdən tirajlayır ki, guya Azərbaycan tərəfi erməni tərəfə keçərək bayraq sançmaq istəyib və buna görə də adekvat cavab veriblər:
"Bu, absurd bir məsələdir. Çünki Ermənistanın sərhədini məlum məsələdir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları qoruyur. Heç bir vaxt Azərbaycanın digər bir dövlətin ərazisində bayraq ucaltmaq fikri olmayıb. Yəni məram, məqsəd ondan ibarətdir ki, təyin olunmamış şərti sərhəddə Azərbaycan öz ərazilərində bayraq qaldıra bilər. Eyni zamanda, həmin ərazidə Avropa İttifaqının vizual kəşfiyyatçılarından ibarət bir missiya var. O missiya buna bir reaksiya verməli idi və dərhal bu məsələnin bir cavabı olmalı idi. Deməli, onların da cavabı yoxdur. Digər məsələ sülhməramlı qüvvələrlə bağlıdır. Yəni bütün bu proseslərin başında erməni təxribatı durur".
Deputatın fikrincə, düşmənin məramı, məqsədi sülhün bərqərar olmasını istəməmək, onu dayandırmaq, müqavilənin imzalanmasını uzatmaqdır.
"Təbii ki, bu proseslər də ermənilərin özlərinin əleyhinə işləyir. Çünki biz istənilən vaxt öz ərazimizdə antiterror əməliyyatı keçirə bilərik və istənilən təxribat qruplarını biz sakitləşdirə bilərik. Bir məsələ də ondan ibarətdir ki, onlar sərhəddə bu təxribatları törətməklə Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının üzvü olduqlarını qabartmağa çalışırlar. Lakin burada da onların heç bir əsası yoxdur, çünki ərazi özümüzündür. Özümüz də, necə deyərlər, sərhəd buraxılış məntəqəsi, gömrük məntəqəsi və bu istiqamətdə öz addımlarımızı bütün beynəlxalq norma və qanunlara uyğun olaraq istifadə edirik və qururuq. Bu, bir daha qeyd etmək istəyirəm ki, erməni təxribatıdır", - deyə Arzu Nağıyev bildirdi.
Həmidə İBRAHİMLİ