"Pakistan Birinci və İkinci Qarabağ müharibəsində bizim haqq işimizə dəstək verib" - Qənirə Paşayeva

 17:20 16.06.2023     443

"Pakistan Azərbaycana dost-qardaş ölkədir. Bu dost-qardaş ölkə nüvə silahına malikdir və bu güclü silaha malik olan yeganə müsəlman ölkəsidir".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Qənirə Paşayeva Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbayacana rəsmi səfərini şərh edərkən bildirdi.

Deputat xatırlatdı ki, ötən illər Pakistan-Azərbaycan, Pakistan-Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib:

"Pakistan Birinci və İkinci Qarabağ müharibəsində bizim haqq işimizə siyasi, diplomatik, mənəvi və informasiya dəstəyi verib. Bütün bu və bu kimi amillər Pakistan Baş nazirinin Azərbaycana səfərinin çox önəmli hadisə olduğunu bir daha təsdiq etməkdədir. Üstəlik, Pakistan bizim dövlət müstəqilliyimizi ən ilk tanıyan dövlət olub. Nəzərə alsaq ki, Pakistan, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla münasibətlərdə uzun illər boyu bəlli məsafə saxlayıb və indi də məhz Azərbaycanla sülh anlaşmasını münasibətlər qurulması üçün Ermənistan qarşısında əsas şərt kimi irəli sürür".

Qənirə Paşayeva qeyd etdi ki, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri, özü də 15 iyun - Milli Qurtuluş Günümüzə təvafüq edən səfəri çox anlamlı, rəmzi və qürurvericidir:

"Şərifin səfərindən iki gün öncə Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan respublikamızdaydı. Ərdoğan 2 il öncə - 15 iyunda da Azərbaycandaydı və "Şuşa Bəyannaməsi"ni imzalamqla 15 iyun gününün anlamına anlam qatmışdı. Beləliklə, vəfalı qardaşlarımızın - dövlət müstəqilliyimizi ən ilk tanıyan dövlətlərin liderlərinin ardıcıl səfərləri ölkəmizin günbəgün artan beynəlxalq nüfuzuna sanballı töhfələrdir".

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri hesab edir ki, Baş nazir Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfərinin nəticələri həm ikitərəfli münasibətlərimizi inkişaf etdirəcək, həm də müxtəlif beynəlxalq platformalarda birgə - əlaqələndirilmiş fəaliyyətimizə öz müsbət təsirləri ilə iştirak edəcək.

"İnanırıq ki, Pakistanın İslam Respublikası olaraq ədalətin, haqqın yanında qətiyyətlə durması, saxta "İslam Respublikası"nın Ermənistana əslsiz dəstəkləri fonunda xüsusi anlam daşımaqda və hər kəsi dərindən düşünməyə vadar etməkdədir. - İslam dini ibadətgahlarını dağıdan, məscidlərə donuz dolduran Ermənistanla dostluq etmək bir yana, Azərbaycanın öz torpaqlarını, o torpaqlardakı dini ocaqları azad etməsi, adını "İslam Respublikası" qoymuş Fars-Molla rejimini niyə rahatsız etməldir? - Bax, günün əsas suallarından, mövzularından biri də budur", - deyə Qənirə Paşayeva bildirdi.

Arzu İSMAYIL