Laçın yolundakı hadisədə qonşu dövlətlərin də maraqları var - Fazil Mustafa

 18:37 16.06.2023     579

"Ermənilərin bu təxribatı gözlənilən idi və bundan sonra da davam edəcəkdir. Burada təkcə erməni barmağı yoxdur. Qonşu dövlətlərin də maraqları var. Amma biz buna çox da diqqət yetirməməli, biz cavab verməliyik".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa dünən şərti sərhəddə Ermənistan ordusunun törətdiyi təxribatlara münasibət bildirərkən deyib.

Onun fikrincə, ölkəmiz onsuz da mövqelərini möhkəmləndirib, Laçınla sərhəddə nəzarət-buraxılış məntəqəsi qoyub:

"Hər hansı bir təhdidlər olarsa da, buna cavabımızı hazır vəziyyətdə verməliyik. Ona görə də burada narahatedici heç bir məqam yoxdur. Əsas bizi düşündürən az itkilərimizin olmasıdır. Yaralılarımızın olmamasıdır və bunu təmin etməliyik. Amma qalan məsələlərdə heç bir tərəddüd etmədən bu təxribatları vaxtında cavablandırmalıyıq ki, iddialar böyüyüb genişlənməsin və ölkəmizə hər hansı bir təhdid yaratmasın".

Xatırladaq ki, dünən Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi, gizir Elşən Rüstəmov yaralanıb.

Düşmən həmin gün Zəngilan rayonu istiqamətində də mövqelərimizi atəşə tutub.

Həmidə İBRAHİMLİ