"Ermənilər Rusiya bazasından istifadə etməyə çalışırlar" - Arzu Nağıyev

 16:39 19.06.2023     576

“Yenidən müharibənin başlanması üçün ermənilərin elə güclü potensialı yoxdur. Ayrı-ayrı sahələrdə, sərhəddə təxribatların törədilməsi, eyni zamanda müəyyən atışmaların olması o demək deyil ki, onların ciddi güclü ordusu var”.

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev son günlərdə ermənilərin Qarabağda tez-tez atəşkəsi pozması, yeni səngərlər qazması, həmçinin Azərbaycanla şərti sərhəddə qoşunların sayını artırırması ilə bağlı məsələləri şərh edərkən dedi.

O eyni zamanda erməni seqmentində sosial şəbəkədə müharibənin olmasının vacibliyi ilə bağlı iddialara da fikir bildirdi.

“44 günlük müharibədən sonra onların yenidən özünə gəlməsi çətin məsələdir. Bağlanılan müqavilələr üçün də məlum məsələdir ki, onlar müvafiq ödənişlər, silahlar əldə etməlidilər, lakin büdcədə elə bir vəsait yoxdur. Həm də 44 günlük müharibədən sonra bu çağırış, yenidən kadr potensialının bərpa edilməsi də ağır məsələdir. Ona görə də, düşünmürəm ki, güclü bir döyüşkən ordu yaradalar və yaxud yenidən müharibəyə başlayalar. Əsas məqam ondan ibarətdir ki, heç bir vaxt onlar özləri müharibə etməyə çalışmayıblar. Rusiya bazasından istifadə etməyə çalışırlar. Son vaxtlar sərhəddə baş verən hadisələr bir daha göstərir ki, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üvzü olmasını qabartmağa çalışmaqla digər dövlətləri bu münaqişəyə cəlb etməyə çalışırlar. Separatçı qüvvələrdən Qarabağın ərazisində istifadə edirlər”.

Deputat qeyd etdi ki, bütün proseslər əsas məramın - sülh müqaviləsinin imzalanmasına mane olmaq və sülhün bərqərar olmasını ləngitmək olduğunu göstərir.

“Həmçinin məqsəd bugünkü status-kvonu saxlamaq və Qərbin, əsasən də Fransanın vizual kəşfiyyatçıları kimi göndərilmiş o jandarma qüvvələrinin silahlarından istifadə edərək təxribatlar törətməkdir. Onlar da bilirlər ki, Azərbaycan istənilən vaxt öz ərazisində anti-terror əməliyyatı keçirə bilər. Sadəcə olaraq humanizm addımları ataraq hələ ki, danışıqlar prossesində iştirak edirik. Əsas məsələ kommunikasiyaların açılışı, delimitasiya və demarkasiya məsələdir. Bu gün ermənilər sadəcə təxribatla məşğul olmaqla dünyaya göstərir ki, onların daxilində də müxtəlif qüvvələr var -keçmiş sahə komandirləri olaraq indi gəlib Ermənistanda müəyyən partiyada, rəhbərlərlikdə təmsil olunublar” - deyən Arzu Nağıyevin sözlərinə görə, əgər sülh müqaviləsi imzalansa, onların həbsi gündəmdə olacaq:

“Ona görə də, onlar çalışır ki, aranı qatsınlar, problemlər yaratsınlar. Bu gün inandırıcı görünmür ki, Ermənistan ordusu Azərbaycanla üzbəüz dursun. Digər məsələ regional məsələlərdir. Türkiyə, Gürcüstan, İran ilə olan münasibət, bütün bunların hamısı təsir edən amillərdir. Ona görə də, hamı başa düşür ki, müharibənin yenidən alovlanması bütün dünyada sanki Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər. Çünki Rusiya-Ukrayna məsələsi, digər məsələlər, yəni bunlar çox problemlidir. Birincisi, Ermənistanın bu addımı atmağa heç gücü yoxdur, ikincisi, əgər addım atılarsa, bu, ilk növbədə Ermənistan üçün çox acınacaqlı nəticəyə gətirib çıxara bilər”.

Arzu İSMAYIL