"Şuşanın süqutu dönüş nöqtəsi oldu" - Paşinyan

 11:58 20.06.2023     391

"Şuşanın süqutu 9 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub".

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin vəziyyətini araşdıran komissiyanın iclasında çıxışı zamanı deyib.

"Niyə mən noyabrın 9-da üçtərəfli bəyanatı imzaladım. Burada, təbii ki, Şuşanin süqutu dönüş nöqtəsi oldu. Burada təkcə şəhərin simvolik əhəmiyyəti yox, strateji əhəmiyyəti də vacib idi", - Paşinyan bildirib.

Onun fikrincə, Şuşanin süqutundan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə alına bilərdi.

Baş nazir qeyd edib ki, noyabrın 9-u müharibəni dayandırmaq üçün beşinci cəhd olub.

Bu barədə ilk söhbət oktyabrın 7-də Paşinyan zəng edərək Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edəndə yaranıb.

Putin daha sonra qeyd edib ki, o, baş nazirin Paşinyanın kompromislərə hazır olduğunu bəyan etdiyi müsahibədə açıqlamasını vacib hesab edir.

"Və bu fürsətdən istifadə edərək, o, mümkün qədər tez atəşkəs əldə etmək üçün vasitəçilik səyləri göstərmək istəyir", - Paşinyan həmin söhbətin təfərrüatlarını təqdim edib:

“Rusiya tərəfi üçün bu təklif başa düşüləndir, çünki illər əvvəl danışıqlar masası üzərində olan nizamlanmanın rus variantında qaçqın və köçkünlər məsələsi nəzərdən keçirilirdi".

Onun sözlərinə görə, Rusiya prezidenti qaçqınların geri qaytarılması məsələsini Qarabağın statusu ilə əlaqələndirməyi təklif edib.

"Mən bununla razılaşdım, lakin Azərbaycan tərəfi əvvəlki kimi bundan imtina etdi və statusla bağlı hər hansı məsələni müzakirə etməyə hazır olmadığını qeyd etdi",- baş nazir bildirib.

Ermənistan Nazirlər Kabinetinin rəhbəri əmin edib ki, o zamankı vəziyyətə görə Şuşa bütün azərbaycanlılar üçün əlçatan olmalı idi.

Üstəlik, Şuşanı Azərbaycanla birləşdirən yeni yolun çəkilməsi təklif olunub ki, onlar Laçın dəhlizi ilə getməsinlər.

Eyni zamanda, Paşinyan hesab edir ki, bu, Azərbaycanın hərbi mövcudluğunu nəzərdə tuturdu. Bu, Paşinyanın fikrincə, Laçın dəhlizinin işləməyəcəyi anlamına gəlirdi, çünki azərbaycanlılar onu bağlaya bilər:

“Son hadisələr o zamankı proqnozlarımı sübut etdi".

Paşinyan əmin edib ki, oktyabrın 19-da müharibənin dayandırılması üçün daha bir əlavə tələb irəli sürülüb.

Söhbət xüsusilə Qarabağda və Laçın dəhlizində deyil, həm də Meğridə Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmək üçün sülhməramlıların yerləşdirilməsindən gedir. Bununla da razılaşmayıb, çünki ölkə daxilində dəhlizin olmasını qəbuledilməz hesab edib.

Tunar Altunbay