"Britaniya ilə daha çox sahələrdə dərindən əməkdaşlıq etməyə başlayacağıq” - Deputat

 14:05 22.06.2023     405

Xəbər verdiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün Birləşmiş Krallıqda səfərdədir. Səfər zamanı o, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə, daha sonra Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb. Görüş zamanı tərəflər Azərbaycan və Böyük Britaniyanın dostluq münasibətlərini müzakirə ediblər. İki ölkə həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb.

Mövzu ilə Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, o, belə bir görüşün olmasını müsbət qiymətləndirir. Millət vəkili qeyd etdi ki, Böyük Britaniya dünyanın aparıcı dövlətlərindən biridir:

"Onun nəinki yerləşdiyi regionla bağlı mövqeyi, dünyanın istənilən bölgəsi ilə bağlı mövqeyi gözlənilir. Azərbaycan dövlət müstəqilliyini qısa bir zamandır bərpa etməsinə baxmayaraq artıq öz siyasi nüfuzu ilə diqqəti cəlb edən ölkələrdəndir. Xüsusilə də, regionun bütün məsələlərində lider dövlətdir. Beynəlxalq siyasətdə ciddi addımları ilə tanınır. Bu gün artıq 5-ci ildir ki, Qoşulmama Hərəkatının sədridir. Bunun özü də vacib məsələdir. Bu baxımdan Azərbaycan-Britaniya münasibətləri günü-gündən möhkəmlənməkdədir. Siyasi məsələlərlə yanaşı digər məsələrdə də bizim birgə fəaliyyətlərimiz, məşvərətlərimiz arzuolunandır. Və Böyük Britaniyada keçirilən tədbir, əlbəttə ki, dünyanın və Azərbaycanın maraqlarına cavab verən məsələlərin müzakirəsidir".

Aydın Mirzəzadə hesab edir ki, xarici işlər nazirimizin Böyük Britaniyaya səfəri ikitərəfli əlaqalərimizi möhkəmləndirəcək və bundan sonra biz daha çox sahələrdə dərindən əməkdaşlıq etməyə başlayacağıq”.

Arzu İSMAYIL