“Putini Elçibəyin aqibəti gözləyir” - Politoloq
Xəbər verdiyimiz kimi, Ukraynanın işğalında iştirak edən Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı, Prezident Vladimir Putinin keçmiş aşpazı Yevgeni Priqojin silahlı üsyan edərək Rusiyanın Rostov vilayətini və ardınca Voronej şəhərini ələ keçirib. Putin isə keçmiş aşpazının bu hərəkətini vətənə xəyanət adlandırıb.
Rusiyada nə baş verir? Bunun arxasında xarici qüvvələr durur, yoxsa məsələ sadəcə daxili vəziyyətlə bağlıdır? Baş verənlər Rusiyada vətəndaş müharibəsinə gətirib çıxara bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüş Əlizadənin sözlərinə görə, dünyada heç bir dövlət xarici qüvvələrin təsirindən azad deyil.
“Amerikaya, Azərbaycana, Ermənistana, Pakistana, Çinə də xarici güclər təsir eləyir. Dünya bir-biri ilə çox sıx tellərlə bağlı vəhdətdədir. Ancaq bu Priqojinin qiyamı, daxili vəziyyətin qarışması 100 faiz daxili səbəblərdəndir. Bu daxili səbəblər nədən ibarətdir? Putin rejiminin həddindən artıq istibdad səviyyəsində olması, Rusiyanın sağlam qüvvələrinin təqib edilməsi, Rusiyanın sərhədlərinin inhisarlaşması və bir dar çevrənin əlində cəmlənməsi, Rusiyada qanunların tapdalanması, fərqli düşünənlərin təqib edilməsi, Putinin tək hakimiyyətlilik quruluşunun nəticəsi olaraq yalnış siyasi qərarlar verməsi. Xüsusilə də, Ukrayna dövlətinə qarşı təcavüzü və bu təcavüzün ağır şəkildə uğursuzluğa uğraması, beynəlxalq aləmin Rusiyaya qarşı ciddi sanksiyaları, rus ordusunun düçar olduğu ağır itkilər və dövlətin dərin təzyiqə uğraması, hamsı bu səbəblərə daxildir. Yekun olaraq artıq rus dövlətinin özülü, bünövrəsi laxlayır. Və Rusiyanın ilk ən böyük dayağı olan orduda çox ciddi narazılıq təzahür edir və bu isə Priqojinin qiyamında öz əksini tapır”.
Bununla belə politoloq hesab etmir ki, hazırki vəziyyət vətəndaş müharibəsinə gətirib çıxarsın.
“Bu, mənə daha çox yazdığım məqaləni xatırladır. Bir ay bundan əvvəl mənim “Meydan TV”də bir məqələm çıxmışdı. Məqaləmin adı “Putin Elçibəyə çevrilir”di. Mən orda Putin və Əbülfəz Elçibəyi müqayisə eləmişdim. Putin quruluşunun tənəzzülünü Elçibəy quruluşunun tənəzülü ilə müqayisə eləmişdim. Və belə bir şey demişdim ki, Elçibəy qaçdığı kimi Putin də qaçası olacaq. Və Priqojnini İsgəndər Həmidovla müqayisə eləyirəm. Yəni indi də görünür həmin hadisə həqiqətən də artıq gerçəkliyə çevirir, çin olur. Son nəticədə hətta Putin qalsa belə, Putin rejiminin ciddi oxalanmasına gətirəcək. Nəticədə hakimiyyəti itirməli olacaq”.
Rusiyada baş verən hərbi toqquşmaların Azərbaycana hansısa təsiri olub-olmaması barədə suala gəlincə, Z.Əlizadə bildirdi ki, Rusiya nə qədər çox zəifdirləsə, Azərbaycana bir o qədər xeyirdir:
“Çünki Azərbaycan Putin Rusiyasının güclü mənfi təsiri altındadır”.
Arzu İSMAYIL