"Azərbaycan ordusu bu gün dünya orduları içində ilk 50-likdə olanlardandır" - Deputat
Dünən, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.
Prezident çıxışında deyib ki, Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşıb, ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var.
"Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir.
Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir", - deyə Ali Baş Komandan bildirib..
Prezidentin bu sözlərini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, dövlət başçısı Ali Baş Komandan olaraq çox mühüm məsələlərə toxundu.
Onun sözlərinə görə, Prezident əsas məqamlardan biri olan Azərbaycan ordusunun daha da güclənməsi üçün atılacaq addımları qeyd etdi:
"Məlumdur ki, bu gün istər regionda, istər beynəlxalq səviyyədə problemlər həddən artıq çoxdur. Təhlükəsizliyə təhdid həddən artıq çoxdur və deyərdim ki, güc beynəlxalq hüququ üstələyib. Belə bir şəraitdə hər bir dövlət özünün müstəqilliyini qorumaq, suverenliyini qorumaq, daha da güclü orduya malik olmaq üçün öz ordusunu daha da möhkəmlətməlidir. Məhz komanda tipli hərbi hissələrin yaradılması çox mühüm əhəmiyyət kəsb edir. Biz 44 günlük müharibədə bir daha gördük ki, məhz komanda tipli, eyni zamanda xüsusi təyinatlı hərbi qurumlar ən yüksək səviyyədə qarşıya qoyulan məsələləri yerinə yetirən mühüm qüvvələrdən biridir. Buna görə də kadr potensialı, müasir texnologiyadan istifadə etmək, müasir silahlardan istifadə etmək bacarığı, hərbi məktəblərin yaradılması, eyni zamanda məhz təlimlərdə iştirak çox mühüm məsələdir. Məlumdur ki, Azərbaycan ordusu bu gün dünya orduları içində ilk 50-likdə olanlardandır. Bu istiqamətdə də ciddi addımlar atılır. Təbii ki, bu gün Azərbaycan büdcəsinin əsas hissələrindən biri məhz təhlükəsizliyin təmin olunmasına, eyni zamanda ordu quruculuğuna yönəlir. Bu da çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Bütün bu aspektləri cənab Prezident deməklə təbii ki, ordumuzun güclü olmasını qeyd edirdi. Hətta sərhədlərimizin çox yaxınlığında gedən münaqişələr, Avropanın bir sıra qurumlarının məhz sərhəd bölgələrindən gəlib vizual kəşfiyyat işləri aparması, bütün bunların hamısı məlumdur ki, Azərbaycanın bugünkü qələbəsinə sevinməyən qüvvələr həddən artıq çoxdur. Təbii ki, bu proseslər davam edəcək, ordunun güclənməsi istiqamətində addımlar atılacaq".
Arzu Nağıyevin fikrincə, bu, heç də o demək deyil ki, biz kiminləsə müharibəyə hazırlaşırıq.
"Biz 44 günlük müharibədə sözümüzü demişik və bir daha deyirik ki, biz sərhədlərimizi qorumaq və sərhədlərimiz daxilində Azərbaycan Konstitusiyasına, Azərbaycan müstəqilliyinə, suverenliyinə qarşı atılacaq hər bir addımla, istər humanitar yolla, eyni zamanda hərbi yolla da bu məsələləri həll etmək qadirindəyik. Ona görə də bu heç də müharibəyə hazırlıq kimi dəyərləndirilməməlidir. Bu, ordunun doğrudan da hazır olması kimi dəyəndirilməlidir", - deyə deputat vurğuladı.
Həmidə İBRAHİMLİ